
Bakı.Trend:
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların
İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX)
əməkdaşları tərəfindən suların istifadəsi və mühafizəsi sahəsində
mövcud qanunvericiliyin tələblərinə riayət edilməsinin
araşdırılması məqsədilə növbəti nəzarət tədbiri keçirilib.
SİMDNX-dən Trend-ə verilən məlumata görə, Sumqayıt şəhəri,
H.Z.Tağıyev qəsəbəsi ünvanında fəaliyyət göstərən “Bakı Qida və Yağ
Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyətində istehsalat zamanı
formalaşan tullantı sularının xüsusi çəkilmiş boru xətti vasitəsilə
Sumqayıtçay çayına axıdılması faktına rast gəlinib.
Bildirilib ki, müəssisə tərəfindən tullantı sularının təmizlənmə
prosesindən keçərək axıdıldığı bildirilsə də, ərazidə müşahidə
olunan kəskin iy-qoxu və tullantı suyunun vizual görünüşü suların
heç bir təmizlənmə prosesindən keçməməsinə əsaslı şübhələr
yaradır.
“Axıdılan tullantı sularının bioloji və kimyəvi tərkibinin
müəyyən olunması məqsədilə Agentliyin Mərkəzi Laboratoriyası
tərəfindən su nümunələri götürülmüş və faktla bağlı tərəfimizdən
inzibati araşdırma başlanılıb.
İnzibati araşdırmanın yekununda iş üzrə materiallar məsələyə
hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə məhkəməyə
göndəriləcək.
Qeyd edək ki, “Bakı Qida və Yağ Fabriki” MMC “Azərsun Holdinq”
MMC-nin tərkibində fəaliyyət göstərən, qida məhsullarının istehsalı
işə məşğul olan müəssisədir.
Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti
müəssisə və təşkilatları fəaliyyətləri nəticəsində formalaşan
tullantı sularını mövcud qanunvericiliyin tələblərinə uyğun idarə
etməyə çağırır və vətəndaşlardan su obyektlərinin
çirkləndirilməsinə dair hallarla rastlaşdıqda qurumun sosial media
hesabları vasitələri ilə məlumat vermələrini xahiş edir”, –
qurumdan bildirilib.