Bərpa olunan enerji layihələrinin 91%-i artıq fosil yanacaq alternativlərindən daha ucuz başa gəlir – IRENA

İqtisadiyyat

Bakı. Trend:

Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) yeni
hesabatına əsasən, 2024-cü ildə qlobal enerji bazarlarında bərpa
olunan enerji növləri qiymət baxımından fosil yanacaq mənbələri
üzərində üstünlüyünü qoruyub.

Trend bu
barədə İRENA-nın hesabatına istinadən xəbər verir.

Hesabatda qeyd olunur ki, günəş fotovoltaik (PV) texnologiyaları
orta hesabla ən ucuz fosil yanacaq alternativlərindən 41% daha ucuz
olub. Quruda qurulan külək enerjisi layihələri isə 53% daha sərfəli
qiymətlərlə həyata keçirilib. Beləliklə, 2024-cü ildə quruda
yerləşən külək stansiyaları hər kilovat-saata görə 0.034 ABŞ
dolları ilə ən sərfəli enerji mənbəyi olub. Ardınca günəş PV
texnologiyası 0.043 ABŞ dolları/kWh qiyməti ilə ikinci yerdə
qərarlaşıb.

2024-cü ildə dünya üzrə əlavə olunan 582 giqavatlıq bərpa olunan
enerji gücü nəticəsində təxminən 57 milyard ABŞ dolları dəyərində
fosil yanacaq istifadəsinin qarşısı alınıb. Qeyd edilib ki, ötən il
istismara verilən yeni bərpa olunan enerji layihələrinin 91%-i,
istənilən yeni fosil yanacaq layihəsindən daha ucuz başa gəlib.




Bərpa olunan enerji yalnız qiymət baxımından deyil, həm də
beynəlxalq yanacaq bazarlarından asılılığı azaltmaq və enerji
təhlükəsizliyini gücləndirmək baxımından strateji üstünlük sayılır.
Hazırda bu sahəyə investisiya qoyuluşu üçün daha əlverişli mühit
mövcuddur.

Hesabatda bildirilir ki, texnologiyaların təkmilləşməsi və
təchizat zəncirlərinin güclənməsi fonunda uzunmüddətli ucuzlaşma
gözlənilsə də, yaxın dövr üçün bəzi çətinliklər qalır. Ticarət
tarifləri, xammal qıtlığı və istehsalat dəyişiklikləri, xüsusilə
Çin bazarında qiymətlərə müvəqqəti təzyiqlər yarada bilər.

Avropa və Şimali Amerikada isə lisenziyalaşma prosesindəki
ləngimələr, məhdud şəbəkə tutumu və digər struktur problemlər
nəticəsində daha yüksək xərclərin davam etməsi ehtimalı var.
Əvəzində, Asiya, Afrika və Cənubi Amerika kimi bölgələrdə sürətli
öyrənmə və yüksək bərpa olunan potensial nəticəsində daha ucuz
enerji istehsalı müşahidə oluna bilər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir