Azərbaycanla Çexiya ikitərəfli ticarət dövriyyəsinin artırılmasını müzakirə edib

İqtisadiyyat

Bakı. Trend:

İqtisadiyyat naziri Mikayıl Cabbarovun Çex Respublikasına
işgüzar səfəri çərçivəsində keçirilən görüşlərdə iqtisadi
tərəfdaşlığın gündəliyində duran məsələlər müzakirə olunub.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir Mikayıl Cabbarov
bu ölkənin sənaye və ticarət naziri Lukaş Vlçek ilə görüşüb.
Görüşdə Azərbaycan-Çexiya əlaqələrinə önəm verildiyi, tərəfdaşlığın
genişləndirilməsində Azərbaycan Respublikası Hökuməti və Çexiya
Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni
əməkdaşlıq üzrə Qarışıq Komissiyanın rolu, qarşılıqlı səfərlərin,
aparılan müzakirələrin əhəmiyyəti vurğulanıb. Tərəflər iqtisadi
əməkdaşlıq kontekstində ikitərəfli ticarət dövriyyəsinin
artırılması, enerji, sənaye, nəqliyyat, tranzit, turizm və
investisiyalar üzrə birgə fəaliyyətin gücləndirilməsi imkanlarını
nəzərdən keçiriblər.

Çex Respublikasının nəqliyyat naziri Martin Kupka ilə görüşdə də
Azərbaycanın sosial-iqtisadi hədəfləri və onlara nail olunması
məqsədilə görülən işlər, əldə edilən nəticələr, ölkəmizin əlverişli
işgüzar mühiti, yeni reallıqlar şəraitində artan nəqliyyat-tranzit
potensialı, sərmayədarlar üçün yaradılan imkanlar barədə məlumat
verilib. Bildirilib ki, nəqliyyat və tranzit istiqamətləri Çexiya
ilə iqtisadi sahədə əməkdaşlığın prioritet istiqamətlərindəndir.
Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi layihələrinə dair
fikir mübadiləsi də olub. Tərəflər innovativ ekosistem, kosmik
sənaye və startaplar üzrə irəli sürülən təklifləri müzakirə
ediblər.




Çexiyanın “Agrofert” şirkətinin sədr müavini Petr Cingri ilə
görüşdə isə aqrar sahədə səmərəli fəaliyyətin və dayanıqlı
istehsala keçidin əhəmiyyəti vurğulanıb. Azərbaycanda xarici
investorlar üçün yaradılmış fürsətlər və potensial əməkdaşlıq
istiqamətləri diqqətə çatdırılıb. “Agrofert” şirkəti ölkəmizdə
yaradılan əlverişli biznes mühitindən yararlanmaqla fəal
işbirliyinə dəvət olunub.

“Skoda Group”un icraçı sədr müavini Tomas İqnaçak ilə görüşdə
Azərbaycanın iqtisadi prioritetləri, ölkəmizdə yaşıl
texnologiyaların tətbiqi barədə məlumat verilib. “Skoda Group” ilə
əməkdaşlıq və şirkətin müasir texnologiyalar sahəsində təcrübəsinin
Azərbaycanda tətbiqi imkanları barədə müzakirə aparılıb.