İranda Astara Terminalının layihələndirmə işlərinin 90%-i tamamlanıb

İqtisadiyyat

Bakı. Trend:

“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları”
QSC-nin (ADY) sədri Rövşən Rüstəmov İran İslam Respublikasına
səfəri zamanı Astara Terminalında bu ölkənin Dəmir Yollarının
rəhbəri Cabbar Əli Zakeri ilə görüşüb. Görüşdə terminalın inkişafı
ilə bağlı əsas mərhələlər və icra müddətləri, terminalda aparılan
tikinti işlərinin bu ilin sonuna qədər yekunlaşdırılması müzakirə
olunub.

Bu barədə Trend
ADY-yə istinadən xəbər verir.

Qeyd olunub ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas
elementlərindən olan Astara Terminalının (İran İslam
Respublikasının ərazisində) tikintisi üzrə əsaslı işlər görülüb.
Terminalın layihələndirmə işlərinin 90%-i, tikinti-quraşdırma
işlərinin isə təqribən 75%-i başa çatdırılıb. 2025-ci ilin
əvvəlində ADY və İran Dəmir Yolları arasında imzalanmış “Astara
terminalının tikintisi və istismar müqaviləsinin icrasına dair
Strateji Əməkdaşlıq Planı” terminalda nəzərdə tutulan işlərin
vaxtında başa çatdırılmasına təkan verəcək.




Astara Terminalı Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə
yükdaşımaların həcminin artırılmasını və əməliyyatların operativ
şəkildə həyata keçirilməsini təmin edəcək.

Qeyd edək ki, Azərbaycan və İran hökumətləri arasında əldə
olunmuş razılaşmaya əsasən, 2017-ci ildə Astara Terminalının
inşasına start verilib. Tikintisi ADY tərəfindən aparılan
terminalın ərazisi İran höküməti tərəfindən 25 il müddətinə
Azərbaycana icarəyə verilib.

Astara Terminalında 2023-cü ildə 692 min, 2024-cü ildə isə 777
min tondan çox yük aşırılıb. Terminalın tikintisi tam başa
çatdıqdan sonra yükaşırma gücünün illik 3,5 milyon tona
çatdırılması nəzərdə tutulur.