
Bakı. Trend:
Bu ilin yanvar-iyun aylarında Azərbaycanla Rusiya arasında
ticarət əməliyyatlarının həcmi 2,5 milyard ABŞ dolları təşkil
edib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə
edib.
Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə
müqayisədə 352,2 milyon ABŞ dolları və ya 16,2% çoxdur.
Hesabat dövründə Rusiya ilə ticarət əməliyyatları Azərbaycanın
ümumi ticarət dövriyyəsinin 10,33%-i həcmində olub. Bununla da
Rusiya Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr
sırasında 3-cü yerdə qərarlaşıb.
Cari ilin yanvar-iyun aylarında Azərbaycandan Rusiyaya 590,5
milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eyni
dövrü ilə müqayisədə 33,9 milyon ABŞ dolları və ya 6,1% çoxdur.
Eyni zamanda, 2025-ci ilin yanvar-iyun aylarında Rusiyadan
Azərbaycana 1,9 milyard ABŞ dolları dəyərində idxal əməliyyatları
icra olunub ki, bu da illik müqayisədə 318,2 milyon ABŞ dolları və
ya 19,7% artım deməkdir. Bu göstərici ilə Rusiya Azərbaycanın
məhsul idxal etdiyi ölkələr sırasında ikinci pillədə
qərarlaşıb.
Bundan başqa, 2025-ci ilin yanvar-iyun ayları ərzində
Azərbaycandan Rusiyaya 586 milyon ABŞ dolları dəyərində qeyri-neft
məhsulları ixrac olunub. Bu isə 2024-cü ilin ilk 6 ayı ilə
müqayisədə 44,3 milyon ABŞ dolları və ya 8,2% çoxdur.
Hesabat dövründə Rusiyaya qeyri-neft məhsullarının ixracı
Azərbaycanın ümumi ixracında 33,41% paya sahib olub. Bununla da
sözügedən ölkə Azərbaycanın ən çox qeyri-neft məhsulları alıcısına
çevrilib.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan
xarici ölkələrlə 24,4 milyard ABŞ dolları dəyərində ticarət
əməliyyatı aparıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən
2,632 milyard ABŞ dolları və ya 12,1% çoxdur.
Xarici ticarət dövriyyəsinin 12,878 milyard ABŞ dolları ixracın,
11,522 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə
ixrac 0,2% azalıb, idxal isə 29,9% artıb.
Nəticədə, xarici ticarətdə 1,356 milyard dollarlıq müsbət saldo
yaranıb. Bu da illik müqayisədə 2,677 milyard ABŞ dolları və ya 3
dəfə azdır.