
Bakı. Trend:
Bu ilin birinci rübündə Azərbaycandan Rusiyaya fiziki şəxslərin
pul köçürmələrinin həcmi 9,5 milyon ABŞ dolları təşkil edib.
Trend-in Azərbaycan
Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bu göstərici 2024-cü
ilin eyni dövrü ilə müqayisədə 6,7 milyon ABŞ dolları və ya 1,7
dəfə azdır.
Hesabat dövründə Azərbaycandan xaricə ümumi pul köçürmələrində
Rusiyanın payı 8,4% təşkil edib.
Həmçinin, cari ilin ilk rübündə Rusiyadan Azərbaycana fiziki
şəxslərin pul köçürmələrinin həcmi 85,6 milyon ABŞ dolları olub ki,
bu da 2024-cü ilin ilk rübündəki göstərici ilə müqayisədə 69,7
milyon ABŞ dolları və ya 1,8 dəfə azalma deməkdir.
Hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrində
Rusiyanın payı 37,3% təşkil edib. Bununla da Rusiya dövr ərzində
Azərbaycana ən çox pul daxilolmaları üzrə ilk pillədə
qərarlaşıb.
2024-cü ilin birinci rübündə Azərbaycandan Rusiyaya fiziki
şəxslərin pul köçürmələrinin həcmi 16,2 milyon ABŞ dolları, əks
istiqamətdə isə 155,4 milyon ABŞ dolları təşkil edib.
Ümumilikdə, 2025-ci ilin ilk rübündə Azərbaycandan xarici
ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin
həcmi 112,674 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ilin
eyni dövründəki göstərici ilə müqayisədə 18,811 milyon ABŞ dolları
və ya 14,3% azdır.
Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycana
fiziki şəxslərin pul köçürmələrinin həcmi 229,494 milyon ABŞ
dolları təşkil edib ki, bu da 2024-cü ilin ilk rübündəki göstərici
ilə müqayisədə 64,926 milyon ABŞ dolları və ya 22,1% azdır.
Bundan əlavə, Azərbaycan 2025-ci ilin ilk rübündə Fransa
iqtisadiyyatına 9,211 milyon ABŞ dolları investisiya yatırıb ki, bu
da 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 960 min
ABŞ dolları və ya 9,4% azdır. Hesabat dövründə birbaşa xarici
investisiyaların ümumi həcmində Fransaya həyata keçirilən
Azərbaycan investisiyalarının xüsusi çəkisi 2,9% təşkil edib.