Dövlət və özəl banklar iqtisadiyyata kredit qoyuluşunu artırıb

İqtisadiyyat

Bakı. Trend:

Bu ilin iyunun 1-nə Azərbaycan iqtisadiyyatına cəmi kredit
qoyuluşunun (bank və qeyri-bank birlikdə) həcmi 30,188 milyard
manat təşkil edib.

Trend bu
barədə Mərkəzi Bankdan məlumat əldə edib.

Məlumata görə, banklar və qeyri-banklar tərəfindən ölkə
iqtisadiyyatına kredit qoyuluşunun həcmi bir ay əvvələ nisbətən 290
milyon manat və ya 1%, 2024-cü ilin iyunun 1-nə nisbətən isə 3,7
milyard manat və ya 13,9% artıb.

Hesabat dövründə kredit qoyuluşunun 7,4 milyard manatı dövlət
banklarının payına düşüb ki, bu da aylıq müqayisədə 84,9 milyon
manat və ya 1,2%, illik müqayisədə isə 956,9 milyon manat və ya
14,8% artım deməkdir.




Bəhs olunan dövrdə iqtisadiyyata kredit qoyuluşlarının 20,980
milyard manatı özəl bankların payına düşüb. Bu isə cari ilin mayın
1-nə olan göstərici ilə müqayisədə 205,1 milyon manat və ya 1%,
ötən illin iyunun 1-nə olan göstəriciyə nisbətən isə 2,3 milyard
manat və ya 12,1% çoxdur.

Bundan başqa, bu ilin iyunun 1-nə ölkə iqtisadiyyatına kredit
qoyuluşlarının qeyri-bank kredit təşkilatlarına düşən payı 1,802
milyard manat olub ki, bu da, aylıq müqayisədə dəyişməz qalıb, ötən
ilin eyni dövrü ilə müqayisədə isə 462,2 milyon manat və ya 34,5%
çoxdur.

Qeyd edək ki, hesabat dövründə dövlət bankları tərəfindən kredit
qoyuluşu ümumi kredit qoyuluşunun 24,5%-ni, özəl banklar tərəfindən
kredit qoyuluşu ümumi kredit qoyuluşunun 69,5%-ni, bank olmayan
kredit təşkilatları tərəfindən qoyulan kredit qoyuluşu ümumi kredit
qoyuluşunun 6%-ni təşkil edib.