
Bakı. Trend:
Bakı-Tbilisi-Ceyhan boru kəməri boyunca bütün obyektlərdə neftin
keyfiyyətinə dair hərtərəfli qiymətləndirmənin nəticələri göstərdi
ki, Ceyhan terminalına qədər boru kəmərinin bütün sahələrində
Azərbaycan nefti texniki spesifikasiyaların tələblərinə cavab
verir.
Bu barədə Trend-in
BP Plc və İtaliyanın “Eni” şirkəti tərəfindən Azərbaycan neftində
üzvi xloridlərin aşkar olunması haqda yayılmış informasiya ilə
bağlı sorğusuna cavab olaraq “bp Azerbaijan” şirkətindən
bildirilib.
“BTC Co” bəzi BTC blend neft partiyalarında üzvi xloridlərin
tərkibi ilə bağlı keyfiyyət probleminin mümkünlüyü barədə
məlumatlandırılıb. Bundan sonra “BTC Co” boru kəməri boyunca bütün
obyektlərdə neftin keyfiyyətinə dair ətraflı qiymətləndirmə aparıb. “BTC Co” boru kəməri boyunca bütün obyektlərdə qiymətləndirməni
tamamlayıb. Nəticələr göstərib ki, neft boru kəmərinin bütün
hissələrində Ceyhan terminalına qədər spesifikasiya tələblərinə
cavab verir”, – deyə “bp Azerbaijan” şirkətindən bildirilib.
Şirkət qeyd edib ki, Ceyhan terminalında da anbarların vəziyyəti
qiymətləndirilib:
“Nəticələr bəzi anbarlarda üzvi xloridlərin olduğunu göstərib.
Bununla bağlı müvafiq tədbirlər görülüb. Hazırda problemin tam
aradan qaldırılması və vəziyyətin araşdırılması üçün planlar
hazırlanır. Hazırda Ceyhan terminalında yalnız neftin
spesifikasiyalara uyğun olduğu anbarlardan yükləmələr davam edir.
BTC boru kəməri vasitəsilə ixrac fəaliyyəti də davam edir”.
“bp Azerbaijan” əlavə edib ki, “BTC Co” Ceyhan terminalında hər
bir yükləmədən əvvəl neft nümunələrinin götürülməsini davam
etdirəcək, bununla da hər partiyanın müəyyən olunmuş
spesifikasiyalara uyğunluğunu təmin edəcək.
Xatırladaq ki, bundan əvvəl bəzi media orqanlarında
Bakı–Tbilisi–Ceyhan neft kəməri ilə nəql olunan neftin üzvi
xloridli yanacaqla çirkləndiyi barədə məlumatlar yayılmışdı.
Bildirilirdi ki, bu maddələr xammalın hasilatını artırmaq məqsədilə
istifadə olunur. Bu barədə “BP Plc” və İtaliyanın “Eni” şirkəti
məlumat vermişdi.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR)
məlumatına görə, Bakı–Tbilisi–Ceyhan neft kəməri istismara
verildiyi vaxtdan bu ilin 1 iyul tarixinədək Azərbaycan neftinin
ümumi ixrac həcmi 612,2 milyon ton təşkil edib.
Hazırda kəmərlə, əsasən, “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar
blokundan hasil olunan neft və “Şahdəniz”dən çıxarılan kondensat
nəql olunur. Bundan əlavə, kəmərlə Xəzərin digər bölgələrindən –
Qazaxıstan, Türkmənistan və həmçinin, SOCAR tərəfindən Azərbaycanda
hasil edilən əlavə neft və kondensat həcmləri də daşınmaqda davam
edir.
“BTC Co” şirkətinin səhmdarları aşağıdakılardır: bp (30,10%),
SOCAR (32,97%), MOL (8,90%), TPAO (6,53%), “Eni” (5,00%),
“TotalEnergies” (5,00%), ITOCHU (3,40%), “ONGC Videsh” (3,10%),
“ExxonMobil” (2,50%) və INPEX (2,50%).

