Azərbaycanda ödəniş kartları bir ayda 200 min ədədə yaxın artıb

İqtisadiyyat

Bakı. Trend:

Azərbaycanda fəaliyyət göstərən banklar və “Azərpoçt” MMC
sistemləri üzrə iyun ayının sonunda dövriyyədə olan ödəniş
kartlarının sayı ötən aya nəzərən 181 min ədəd artaraq, 20 milyon
642 min ədəd təşkil edib.

Trend bu
barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu
göstərici 14.1% artıb. Ödəniş kartlarında debet kartlarının sayı
17,1% artıb, kredit kartlarının sayı isə 6.9% azalıb.




Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət
təsir göstərib. Belə ki, ay ərzində ölkədaxili nağdsız
əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 38.3%
artıb. 2025-ci ilin iyun ayı ərzində kartlar vasitəsilə həyata
keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8,439 milyard manat
təşkil edib.

Həyata keçirilən nağdsız ödənişlərin 7,375 milyon manatı
elektron ticarətin payına düşür. Qalan məbləğin 1,058 milyon manatı
POS-terminallar, 5 milyon manatı isə özünə xidmət terminalları və
bankomatların vasitəsilə gerçəkləşdirilib.

İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili
əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67,1%-ni
təşkil edib.