
Bakı. Trend:
İsrail və Azərbaycan arasında qeyri-enerji sektorunda xarici
ticarətin həcmi iki dəfədən çox artıb – 2021-ci ildəki 121 milyon
dollardan 2024-cü ildə 243 milyon dollara çatıb.
Trend-in
məlumatına görə, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik
diplomatik fəaliyyətinin başa çatması münasibətilə keçirilən
brifinqdə deyib.
“İsraildən Azərbaycana turizm səfərləri 2025-ci ildə sürətlə
artır. Biz 50 min israilli turist rekordunu qırmağı gözləyirik –
bəlkə də, bu rəqəmi iki dəfə də artır. Bu gün AZAL gündə iki
birbaşa, yəni həftədə 14 reys həyata keçirir. Bu, görünməmiş
rəqəmdir”, – diplomat qeyd edib.
Onun sözlərinə görə, iki ölkə arasında enerji əməkdaşlığı da
fəal inkişaf edir.
“Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR ölkənin ən böyük qaz
yataqlarından biri olan Tamarda 10 faiz almaqla, İsrailə strateji
investisiyalar yatırıb. Bundan başqa, SOCAR İsrail sahillərində qaz
kəşfiyyatı üzrə tenderin qalibi olub”, – Corc Dik deyib.
O, həmçinin, su ehtiyatları sahəsində əməkdaşlıqda uğurları
xüsusi vurğulayıb: İsrailin Milli Su Şirkəti Azərbaycanın Su
Xidməti ilə fəal əməkdaşlıq edir, İsrail şirkətləri isə ölkənin
ehtiyacları üçün peyk sistemlərinin hazırlanmasında iştirak
edirlər.
Səfirin sözlərinə görə, İsrail investisiyaları və
texnologiyaları Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinin
inkişafına töhfə verir. O cümlədən, İsrail şirkətlərindən biri
Yevlaxda regionun ən böyük quşçuluq fabrikini tikib. Şamaxı
yaxınlığında israilli mütəxəssislərin iştirakı ilə südçülük
müəssisəsi tikilir ki, bu da tezliklə Cənubi Qafqazda ən böyük
müəssisəyə çevriləcək.
Bundan əlavə, İsrailin əczaçılıq şirkəti Ələt Azad İqtisadi
Zonasında ultra müasir zavod açıb ki, bu da Azərbaycanın iqtisadi
inkişafına növbəti mühüm töhfə olub.