
Bakı. Trend:
Bu ilin iyunun ayının sonuna Azərbaycanda rezident maliyyə
institutlarının (həmçinin statistik vahidin ödəniş kartları)
emissiya etdiyi “Visa” kartları vasitəsilə əməliyyatların sayı
127,831 milyon ədəd, əməliyyatların həcmi isə 7,4 milyard manat
olub.
Trend bu
barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata əsasən, bir il əvvəlki göstərici ilə müqayisədə “Visa”
kartları ilə əməliyyatların sayı 36,8 milyon ədəd və ya 1,4 dəfə,
“Visa” kartları ilə əməliyyatların həcmi isə 1,8 milyard manat,
yaxud da 31,6% artıb.
Bundan başqa, hesabat dövründə qeyri-rezident maliyyə
institutlarının emissiya etdiyi “Visa” kartları vasitəsilə
əməliyyatların sayı 1,023 milyon ədəd, əməliyyatların həcmi isə
89,8 milyon manat olub. Ötən ilin eyni dövründəki göstərici ilə
müqayisədə qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi
“Visa” kartları vasitəsilə əməliyyatların sayı 252 min ədəd və ya
1,3 dəfə, əməliyyatların həcmi isə 15,5 milyon manat, yaxud da
20,9% artıb.
Qeyd edək ki, rezident maliyyə institutlarının emissiya etdiyi
ödəniş kartları vasitəsilə əməliyyatların həcmi və sayı dedikdə,
ölkə daxilində fəaliyyət göstərən maliyyə institutlarının (yerli
banklar və ya maliyyə qurumları) verdiyi ödəniş kartları ilə həyata
keçirilən əməliyyatların ümumi həcmindən və sayından bəhs
olunur.
Qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş
kartları vasitəsilə əməliyyatların həcmi və say isə xarici
ölkələrdə fəaliyyət göstərən bank və maliyyə institutları
tərəfindən xaricdə yaşayan şəxslərə verilmiş ödəniş kartları ilə
Azərbaycanda aparılan əməliyyatların miqdarını (sayı) və ümumi
məbləğini (həcmini) göstərir.