
Bakı. Trend:
2024-cü ilin sonuna olan məlumata əsasən, İslam İnkişaf Bankı
Qrupuna (IsDB) daxil olan İslam Özəl Sektorun İnkişafı
Korporasiyası (ICD) 1999-cu ilin noyabrında təsis olunduğu gündən
bəri Azərbaycana ümumilikdə 135,20 milyon ABŞ dolları həcmində
maliyyələşdirməni təsdiqləyib.
Bu barədə Trend
ICD-nin illik hesabatına istinadən xəbər verir.
Həmin dövr ərzində faktiki ayrılmış vəsaitlərin (disbursların)
həcmi 113,75 milyon ABŞ dolları təşkil edib.
Qlobal miqyasda isə 2024-cü ilin sonuna qədər ICD tərəfindən
təsdiqlənmiş ümumi maliyyələşdirmə həcmi 7,6 milyard ABŞ dollarına
çatıb, disbursların həcmi isə 5 milyard dolları ötüb.
Xarici valyutada olan xalis aktivlərə gəldikdə, ICD məlumat
verib ki, 2024-cü il dekabrın 31-nə olan vəziyyətə görə, Azərbaycan
manatı ilə ifadə olunmuş vəsaitlərin həcmi 959 541 ABŞ dolları
təşkil edib. Bu göstərici 2023-cü ilin sonunda 2 063 994 ABŞ
dolları idi.
2024-cü ilin noyabrında Bakıda keçirilən COP29 konfransında ICD
iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal tədbirlərə sadiqliyini
təsdiqləyib. ICD-nin təşkil etdiyi Yüksək Səviyyəli İqlim
Koordinatorlarının Dialoqu çərçivəsində dövlət qurumlarının
nümayəndələri, investorlar və özəl sektor liderləri bir araya
gələrək Paris Sazişinə uyğun şəkildə milli səviyyədə müəyyən
edilmiş öhdəliklərin (NDCs) həyata keçirilmə yollarını müzakirə
ediblər.
Tədbir zamanı iştirakçı ölkələrin iqlim məqsədlərinə nail
olunmasına yönəlmiş konkret strategiyalar və əməkdaşlıq
mexanizmləri işlənib hazırlanıb. Əsas hadisələrdən biri, ICD-nin
birgə təşkilatçılığı ilə baş tutan və çoxtərəfli iqlim fondlarına
çıxış imkanlarına həsr olunmuş panel forumu olub. Forumda müraciət
prosedurlarının mürəkkəbliyi, inkişaf etməkdə olan ölkələrdə
texniki potensialın məhdudluğu və maliyyələşmə mexanizmlərinin
təkrarlanması kimi əsas əngəllər müzakirə edilib.
Həll yolları kimi fondlara çıxışın sadələşdirilməsi, potensialın
artırılması üzrə proqramların genişləndirilməsi və donorlar
arasında əlaqələndirmənin yaxşılaşdırılması təklif olunub ki, bu da
maliyyələşmənin effektivliyinin artırılmasına xidmət edir.
Dövlət-özəl tərəfdaşlığının iqlim layihələrinə investisiyaların
cəlb olunması baxımından xüsusi əhəmiyyət daşıdığına diqqət
yetirilib.

