Mərkəzi Bank emissiya prospektləri ilə bağlı təlimatlar hazırlayıb

İqtisadiyyat

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) “Emissiya prospektinə və
informasiya memorandumuna dair tələblər haqqında Qaydalar”
(Qaydalar) çərçivəsində emitent və sənəd növləri nəzərə alınmaqla
prospekt sənədlərinin şablon formaları hazırlanıb.

Trend bu barədə
AMB-yə istinadən xəbər verir.

Məlumata görə, yeni hazırlanmış şablonların əsas məqsədi
emissiya prospektlərinin və informasiya memorandumlarının tərtibi
zamanı yol verilən nöqsanların minimuma endirilməsi, sənədlərin
ümumi keyfiyyətinin artırılması və sənəd tərtibatı prosesinin
emitentlər və anderrayterlər üçün daha asan və səmərəli şəkildə
təşkil olunmasıdır.

Şablon sənədlərdə Qaydalarda əks olunmuş bəndlər üzrə açıqlayıcı
və izahedici qeydlərə də yer verilib. Xüsusilə praktik təcrübədə ən
çox sual doğuran və nöqsanların ən çox rast gəlindiyi bəndlər üzrə
izahlı qeydlərin hazırlanmasına xüsusi diqqət yetirilib. Bu
qeydlərin sənəd tərtibatı zamanı emitentlər üçün praktik vəsait
rolunu oynayacağı və prosesi daha çevik və düzgün icra etməyə imkan
verəcəyi gözlənilir.

Bundan əlavə, Mərkəzi Bank tərəfindən kapital bazarında
lisenziyalaşdırılan şəxslərlə bağlı tənzimləyici çərçivənin daha
dolğun anlaşılması məqsədilə lisenziya prosedurlarına dair
təlimatlar hazırlanıb. Təlimatlarda lisenziyalaşdırmanın
mərhələləri, hər bir prosesdə tələb olunan sənəd və məlumatlar,
müraciətlərə baxılma müddətləri və lisenziyanın ləğvi üçün əsaslara
dair izahlı məlumatlar qeyd olunub.




Təlimatlarla Mərkəzi Bankın rəsmi internet səhifəsindən
aşağıdakı keçid vasitəsi ilə tanış ola bilərsiniz:

Emissiya prospektləri: https://www.cbar.az/page-884/emissiya-prospketi-v-informasiya-memorandumlarina-dair-sablon-formalar

Lisenziya prosedurları: https://www.cbar.az/page-885/lisenziya-prosedurlarina-dair-tlimatlar

Mərkəzi Bank qiymətli kağızlar bazarında iştirak edən bütün
tərəflərin fəaliyyətini dəstəkləmək və normativ uyğunluğun təmin
olunmasına yardımçı olmaq məqsədilə gələcəkdə də bu kimi
təşəbbüsləri davam etdirməyi planlaşdırır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir