
Bakı. Trend:
Cari ilin yanvar-iyun aylarında Azərbaycandan məhsul ixracının
dəyəri 12,9 milyard ABŞ dolları olub.
Trend Dövlət
Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixracın 51,2 milyon ABŞ
dolları fiziki şəxslər tərəfindən həyata keçirilib.
Fiziki şəxslərin ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 18,4
milyon ABŞ dolları və ya 26,4% azalıb.
Belə ki, ötən ilin birinci yarısında Azərbaycandan məhsul
ixracının dəyəri 12,9 milyard ABŞ dolları olub ki, bunun da fiziki
şəxslərə düşən hissəsi 69,6 milyon ABŞ dolları olub.
Cari ilin hesabat dövründə fiziki şəxslər tərəfindən həyata
keçirilmiş ixrac əməliyyatları ümumi ixracın 0,4%-ini təşkil
edib.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan
xarici ölkələrlə 24,4 milyard ABŞ dolları dəyərində ticarət
əməliyyatı aparıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən
2,632 milyard ABŞ dolları və ya 12,1% çoxdur.
Xarici ticarət dövriyyəsinin 12,878 milyard ABŞ dolları ixracın,
11,522 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə
ixrac 0,2% azalıb, idxal isə 29,9% artıb.
Nəticədə, xarici ticarətdə 1,356 milyard dollarlıq müsbət saldo
yaranıb. Bu da illik müqayisədə 2,677 milyard ABŞ dolları və ya 3
dəfə azdır.