Türkmənistanla Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib (FOTO)

İqtisadiyyat

Bakı. Trend:

Bakıda Azərbaycan Respublikası ilə Türkmənistan arasında
iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə
Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib.

İqtisadiyyat Nazirliyindən Trend-ə bildirilib ki, iclasda Birgə
Hökumətlərarası Komissiyanın həmsədri, iqtisadiyyat naziri Mikayıl
Cabbarov iki ölkə arasında münasibətlərin möhkəm tarixi təməl,
mədəni yaxınlıq və iki qardaş xalqın qarşılıqlı hörmətinə
əsaslandığını vurğulayıb.

Qeyd olunub ki, dövlət başçılarımız arasında yüksək səviyyəli
etimad və qarşılıqlı anlaşma əməkdaşlığın gücləndirilməsində xüsusi
əhəmiyyət kəsb edir. Türkmənistan və Azərbaycan mühüm birgə layihə
və təşəbbüslər həyata keçirməkdədir. Ölkələrimiz arasında
iqtisadiyyat, ticarət, energetika, nəqliyyat və humanitar əlaqələr
kimi əsas sahələri əhatə edən geniş tərəfdaşlıq gündəliyi
mövcuddur.

Türkmənistanla investisiya əməkdaşlığının möhkəmləndirilməsi
potensialı qeyd edilib. Bildirilib ki, Azərbaycanda sənaye,
nəqliyyat, tikinti, ticarət və xidmət sahələrində Türkmənistan
kapitallı 75 şirkət fəaliyyət göstərir.

Ölkələrimiz enerji üzrə işbirliyinin genişləndirilməsi
baxımından böyük potensiala malikdir. Enerjinin ixracı ilə bağlı
infrastrukturu inkişaf etmiş Azərbaycan qarşılıqlı faydalı
əməkdaşlıq mexanizmlərinin müzakirəsinə hazırdır.

Türkmənistanla “Şərq–Qərb” nəqliyyat dəhlizinin canlandırılması
və Orta dəhlizin səmərəliliyin artırılması üzrə əməkdaşlıq da
xüsusi rol oynayır. Ölkələrimiz arasında tranzit daşımalarının
həcmi son illərdə sabit dinamika nümayiş etdirir. Ötən ilin
yekunlarına görə, bu göstərici 2 milyon tonu, bu ilin ilk yarısında
isə 1 milyon tonu keçib.




İki ölkənin ticarət, enerji, sənaye parkları, nəqliyyat, biznes,
kənd təsərrüfatı və Ələt azad iqtisadi zonası üzrə tərəfdaşlığının
gücləndirilməsi imkanları diqqətə çatdırılıb.

İclasda Azərbaycanın artan iqtisadi göstəriciləri, əlverişli
biznes və investisiya mühiti, nəqliyyat və logistika infrastrukturu
imkanları, Zəngəzur dəhlizinin perspektivləri barədə məlumat
verilib, işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsinin
önəmi bildirilib, Türkmənistan sərmayədarları fəal əməkdaşlığa
dəvət olunub.

Birgə Hökumətlərarası Komissiyanın həmsədri, Türkmənistanın
Nazirlər Kabineti sədrinin müavini Nökərqulı Ataqulıyev
Azərbaycanla müxtəlif sahələr üzrə qarşılıqlı faydalı əməkdaşlığın
inkişafı üçün geniş perspektivlər olduğunu vurğulayıb,
tərəfdaşlığın inkişafı istiqamətləri haqqında fikirlərini
bölüşüb.

Tədbirdə müxtəlif sahələrdə birgə fəaliyyətin perspektivləri,
iqtisadi müstəvidə ortaq maraqlara xidmət edən təşəbbüslər barədə
müzakirə aparılıb.

İclasın sonunda Birgə Hökumətlərarası Komissiyanın 8-ci
iclasının yekunlarına dair protokol imzalanıb. Sənədi Komissiyanın
həmsədrləri – Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və
Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Nazirlər Kabineti
sədrinin müavini Nökərqulı Ataqulıyev imzalayıblar. Sənəddə
iqtisadi-ticarət, energetika, nəqliyyat, kənd təsərrüfatı və digər
sahələrdə tərəfdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

Spread the love