AİB Azərbaycanla tərəfdaşlığın 2025-2029-cu illər üçün nəzərdə tutulan yeni Strategiyasını təqdim edib

İqtisadiyyat

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) Azərbaycan üçün 2025-2029-cu illər
üzrə yeni Ölkə Tərəfdaşlıq Strategiyasını (ÖTS) təqdim edib.

Trend bu barədə
Banka istinadən məlumat verir.

Strategiyada ölkənin inkişaf hədəflərinə nail olması üçün
dəyərin yaradılması, inteqrasiya və dayanıqlılığın vacib amillər
olduğu vurğulanır.

Beş il ərzində strategiya iki əsas istiqamətə yönələcək: (i)
yaşıl və şaxələndirilmiş iqtisadiyyatın yaradılması, (ii)
aşağı-karbonlu bağlantıların və inklüziv inkişafın təşviqi.




“AİB-Azərbaycan tərəfdaşlığında yeni mərhələyə qədəm qoyduğumuz
bir dövrdə diqqətimizi dayanıqlı iqtisadiyyatın təmin olunmasına,
özəl sektorun aparıcı olduğu iqtisadi artımın təşviq edilməsinə,
maliyyə sektorunun gücləndirilməsinə və regional əməkdaşlığa töhfə
verilməsinə yönəldirik,” – AİB-in Azərbaycan üzrə ölkə direktoru
Sunniya Durrani-Jamal bildirib. “AİB uyğunlaşdırılmış strateji
investisiyalar və birgə səylər vasitəsilə ölkənin inkişaf
prioritetlərinə nail olmasına, regional təşəbbüslərin inkişaf
etdirilməsinə və Azərbaycan xalqı üçün firavan gələcəyin
qurulmasına dəstək verməyi hədəfləyir”.

ÖTS Azərbaycanın milli inkişaf strategiyalarına uyğun şəkildə
hazırlanıb və əsas çağırışların həllinə yönəlib, eyni zamanda yaşıl
və dayanıqlı artım üçün imkanlardan istifadə etməyi nəzərdə tutur.
Sənəd digər strateji prioritetlər də daxil olmaqla innovasiyaların,
yüksək dəyərə malik məhsulların və xidmətlərin təşviq olunması,
habelə peşəkar kadr potensialının inkişaf etdirilməsi vasitəsilə
rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşdırılmasına diqqət
ayıracaq.

İnkişafın təsirini ən yüksək səviyyəyə çatdırmaq məqsədilə
ÖTS-nin nəticələri yalnız ÜDM-in artımı ilə məhdudlaşmır, eləcə də
insanlar, ətraf mühit və digər qlobal ictimai mallar üçün faydalara
yönəlir. Buna görə beşillik strategiyaya iqlim fəaliyyətini
sürətləndirmək, fəlakət risklərinin idarəetməsini gücləndirmək,
həmçinin gender bərabərliyi və rəqəmsal transformasiyada
irəliləyişlər əldə etmək məqsədi daşıyan təşəbbüslər daxildir.

AİB Asiya və Sakit Okean regionunda dayanıqlı, inklüziv və
davamlı inkişafı dəstəkləyən aparıcı çoxtərəfli inkişaf bankıdır.
AİB üzv ölkələr və tərəfdaşları ilə birlikdə mürəkkəb çağırışları
həll edərkən, insanların həyatlarını yaxşılaşdırmaq, keyfiyyətli
infrastruktur qurmaq və planetimizi qorumaq üçün innovativ maliyyə
alətlərindən istifadə edir və strateji əməkdaşlıqlardan yararlanır.
AİB 1966-cı ildə yaradılıb, 50-i regiondan olmaqla bankın 69 üzvü
onun səhmdarlarıdır.