Hesablama Palatası birinci yarımildə 34 kənar dövlət maliyyə nəzarət tədbiri keçirib

İqtisadiyyat

Bakı. Trend:

Cari ilin iş planına uyğun olaraq, hesabat ilinin birinci
yarımilliyində Hesablama Palatasının Kollegiyası tərəfindən, iki
halda məxfilik rejimində olmaqla, 34 kənar dövlət maliyyə nəzarət
tədbirinin keçirilməsi barədə qərar qəbul edilib.

Trend Palataya
istinadən xəbər verir ki, nəzarət obyektləri arasında 16 mərkəzi
icra hakimiyyəti orqanı, 6 publik hüquqi şəxs, 4 dövlət
mülkiyyətində olan və səhmlərində dövlətin payı olan müəssisə, 2
büdcədənkənar dövlət fondu, 1 məqsədli büdcə fondu, 8 mərkəzi icra
hakimiyyəti orqanı tabeliyində və yanında olan təşkilat və digər
təşkilati-hüquqi formaya malik qurumlar olub.




Qeyd edilib ki, nəzarət obyektlərinin 11-də ilk dəfə nəzarət
tədbirinin keçirilməsinə başlanılıb. Hesabat dövründə uyğunluq
auditinin payı ümumi portfeldə üstünlük təşkil edib.

2025-ci ilin ilk 6 ayı ərzində 3 səmərəlilik auditinin
keçirilməsi ilə bağlı kollegiya qərarı qəbul edilib. Səmərəlilik
auditləri təhsil sisteminin informasiyalaşdırılması fəaliyyətinin,
bitkiçilik sahəsində dövlət dəstəyinin (subsidiya və güzəştlərin
timsalında) səmərəliliyinin və nəticəliliyinin, ali təhsil
müəssisəsinin fəaliyyətinin qiymətləndirilməsi mövzularını əhatə
edir.