bp bərpa olunan enerji sahəsində peşə bacarıqlarının inkişafına dəstək verir

İqtisadiyyat

Bakı. Trend:

bp öz Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və
Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları ilə
Azərbaycanda bərpa olunan enerji texnologiyaları sahəsində
bacarıqların inkişafına yönəlmiş transformativ bir peşə təhsili
layihəsini uğurla başa çatdırıb.

Trend xəbər
verir ki, bu təşəbbüs bp və tərəfdaşlarının ölkədə təhsilə və
dayanıqlı inkişafa dəstək öhdəliyinin bir hissəsidir.

Layihədə məqsəd peşə təhsili alan tələbələrin və bu sahədə
ixtisaslaşan müəllimlərin sürətlə inkişaf edən bərpa olunan enerji
sektorunda fəal iştirakı üçün onları lazım olan bilik və praktiki
bacarıqlarla təmin etməkdir. Layihə iki əsas komponentdən
ibarətdir:

Bərpa olunan enerji üzrə tədris emalatxanalarının yaradılması.
Bu məqsədlə biri Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə
Təhsil Mərkəzi, digəri isə Texnika və Texnologiyalar üzrə Bakı
Dövlət Peşə Təhsil Mərkəzi üçün olmaqla, ümumilikdə iki tam təchiz
olunmuş, müasir bərpa olunan enerji emalatxanası yaradılıb.

Bu innovativ emalatxanalar real bərpa olunan enerji ssenariləri
əsasında immersiv, praktiki təlim imkanları təqdim edir. Hər iki
emalatxana qabaqcıl günəş və külək enerjisi sistemləri ilə təchiz
olunaraq tələbələrə sənaye standartlarına uyğun praktiki bacarıqlar
əldə etməyə imkan yaradır.




İqlim dəyişikliyi və ətraf mühit üzrə əhatəli təlim modulunun
hazırlanması və peşə təhsili proqramına daxil edilməsi. Modulda
qlobal istiləşmənin elmi əsasları və təsiri, insan fəaliyyətinin
iqlim dəyişikliyinə təsiri, bərpa olunan enerji mənbələrinin bu
təsirin azaldılmasında rolu, enerji səmərəliliyi və dayanıqlı
inkişaf kimi mövzular əhatə olunub.

bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli
Azərbaycanın peşə təhsili sistemi və bərpa olunan enerji sektoru
üçün uzunmüddətli töhfələr verəcək bir layihəni uğurla başa
çatdırmaqdan çox məmnun oldğunu bildirib:

“İnanırıq ki, bu layihə tələbələrə bərpa olunan enerji
texnologiyaları sahəsində praktiki bacarıqlar qazanmaq, müəllimlərə
isə tədrisin keyfiyyətini artırmaq üçün dəyərli imkanlar yaradır.
Ən önəmlisi isə odur ki, layihə gənc mütəxəssislər arasında
dayanıqlı iqlim savadlılığını və ekoloji məsuliyyəti təşviq edərək
Azərbaycanın enerji keçidi üçün ixtisaslı işçi qüvvəsinin
formalaşmasına töhfə verir”.

Layihə “World Skills Azerbaijan” İctimai Birliyi tərəfindən
həyata keçirilib. 2024-cü ilin may ayında başlanmış və 2025-ci ilin
iyul ayında başa çatmış bu layihənin ümumi dəyəri 322000 AZN
(təxminən 189400 ABŞ dolları) təşkil edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir