
Bakı.Trend:
Cənubi Qafqazın ən böyük sənaye parkı olan Sumqayıt Kimya Sənaye
Parkında hazırda investisiya portfeli 6 milyard manatdan çox olan
39 sahibkarlıq subyektinə rezidentlik statusu verilib ki, bunlardan
da artıq 28-i fəaliyyət göstərir.
Trend agentliyə istinadən
xəbər verir ki, sahibkarlar tərəfindən görülən işlərə bugünədək
5,56 milyard manat investisiya yatırılıb, 6300-dən artıq daimi iş
yeri yaradılıb.
2015-ci ildən 2025-ci ilin I yarımilliyi daxil olmaqla Sumqayıt
Kimya Sənaye Parkının rezidentləri tərəfindən ümumilikdə 14,37
milyard manatlıq məhsul satışı həyata keçirilib ki, bunun da 5,17
milyard manatlıq hissəsi ixracın payına düşür. Cari ilin I
yarısında Sənaye Parkında 1,14 milyard manatlıq məhsul satışı
olunub ki, bunun da 544,8 milyon manatlıq hissəsi ixrac edilib.
Ötən ilin analoji dövrü ilə müqayisədə ixrac təqribən 20%-ə yaxın
artıb.
Parkda istehsal edilən tikinti kimyəvilərin, polad və polimer
boruların, sürtkü yağlarının, polimerlərin, karbamidin, müxtəlif
çeşiddə kabellərin, şüşə lövhələrin, keramik plitələrin və s.
məhsulların ixracı istiqamətində uğurlar əldə edilib. Əsasən bu növ
məhsullar dünyanın 70-dən artıq ölkəsinə “Made In Azerbaijan”
brendi adı altında ixrac olunub.
Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkında sahibkarlıq
fəaliyyətinin inkişafı üçün əlverişli investisiya mühiti yaradılıb.
Belə ki, burada sahibkarlar dövlət vəsaiti hesabına hazır
infrastrukturla təmin olunurlar. Həmçinin Parkın rezidentləri
qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak,
torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə
texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı
ƏDV-dən və gömrük rüsumlarından tam azad olunurlar. Parkın
rezidentlərinə indiyədək 912 ədəd təsdiqedici sənəd verilib ki,
bunun nəticəsində rezidentlər texnika və texnoloji avadanlıqların
idxalı zamanı 400 milyon manatdan çox vəsaitlərinə qənaət
ediblər.