Elm və innovasiya kənd təsərrüfatının transformasiyasının mərkəzində olmalıdır – Nazir

İqtisadiyyat

Bakı. Trend:

Elm və innovasiya kənd təsərrüfatının transformasiyasının
mərkəzində olmalı, aqrar sahədə innovasiya və davamlılığı təşviq
etmək üçün birgə layihələr həyata keçirilməli, texnologiya
transferi təşəbbüsləri və maraqlı tərəflər arasında ən yaxşı
təcrübələrin mübadiləsi təşviq olunmalıdır.

Trend Kənd
Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir Məcnun
Məmmədov Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində işə başlayan
BMT-nin Qida Sistemləri üzrə II Sammitində (UNFSS+4) çıxışı zamanı
bildirib.

Nazir artan çağırışlar fonunda bəşəriyyətin gələcəyi üçün qida
sistemlərinin transformasiyasının mühüm əhəmiyyət kəsb etdiyini
qeyd edib. İqlim dəyişikliyi və digər qlobal çağırışların
aqro-ərzaq sistemlərinə təhdid yaratdığını deyən nazir vaxtında və
koordinasiya olunmuş fəaliyyətin vacib olduğunu, qida sistemlərinin
transformasiyasının zəruri olduğunu diqqətə çatdırıb.

Nazir Məcnun Məmmədov ötən ilin noyabrında Bakıda keçirilən
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasının (COP29) əhəmiyyətinə toxunub,
Azərbaycanın uğurla təşkil etdiyi bu beynəlxalq tədbirdə iqlim
maliyyəsi üzrə tarixdə ilk dəfə mühüm razılığın əldə olunduğunu
vurğulayıb. Nazir Məcnun Məmmədov Azərbaycanın qida sistemlərinin
transformasiyası istiqamətində qlobal səyləri dəstəklədiyini və
bütün tərəfdaşlarla əməkdaşlığa hazır olduğunu qeyd edib.




Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov BMT-nin
Qida Sistemləri üzrə II Sammiti (UNFSS+4) çərçivəsində Somali,
Efiopiya, Ruanda respublikalarının kənd təsərrüfatı nazirləri,
eləcə də Konqo Respublikasının xarici işlər və əməkdaşlıq naziri
Jan-Klod Qakosso və Afrika İttifaqının Kənd təsərrüfatı komissarı
Moses Vilakati ilə görüşüb.

Görüşlərdə Afrika dövlətləri ilə aqrar sahədə əməkdaşlığın və
hüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı və qida
məhsullarının ticarət dövriyyəsinin artırılması, iş adamları
arasında əlaqələrin genişləndirilməsi, azərbaycanlı sahibkarların
Afrika ölkələrində investisiya imkanlarını dəyərləndirməsi, müasir
texnologiyaların transferi, aqrar sahədə elmi-tədqiqat və təhsil
üzrə əməkdaşlıq, beynəlxalq təşkilatlar səviyyəsində ölkələrin
bir-birini dəstəkləməsi məsələləri müzakirə olunub.

Görüş zamanı afrikalı rəsmilər Azərbaycanın COP29 tədbirini
yüksək səviyyədə təşkil etdiyini, elektron hökumətin inkişafı və
rəqəmsal hökumətə keçid sahəsində Azərbaycanın böyük uğurlar əldə
etdiyini, bu sahədə ölkəmizin təcrübəsini öyrənməkdə, kənd
təsərrüfatı sahəsində əməkdaşlıq əlaqələrinin daha da inkişaf
etdirilməsində maraqlı olduqlarını vurğulayıblar.

Səfər çərçivəsində nazir Məcnun Məmmədov Melkassa Aqrar
Tədqiqatlar Mərkəzinin fəaliyyəti ilə tanış olub, sınaq əkin
sahələrinə baş çəkib. Bildirilib ki, mərkəzdə aqrar sahədə
məhsuldarlığın artırılması, iqlim dəyişikliyinin əkinçiliyə təsiri,
zərərvericilərə qarşı mübarizənin təkmilləşdirilməsi istiqamətində
tədqiqatlar aparılır və davamlı əkinçilik təcrübələri təşviq
olunur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir