
Bakı. Trend:
Cari ilin birinci yarımilliyində Maliyyə Nazirliyinin Dövlət
Maliyyə Nəzarəti Xidməti tərəfindən dövlət büdcəsindən vəsait alan
77 təşkilatda, əsasən son 3 ili əhatə edən dövr üzrə nəzarət
tədbirləri həyata keçirilib.
Trend bu
barədə Nazirliyə istinadən xəbər verir.
Məlumata görə, nəticədə ümumilikdə 162 milyon 11 min manat
məbləğində artıq və əsassız ödənişlər aşkar edilib. İlkin maliyyə
nəzarəti çərçivəsində isə 10 milyon 220 min manat vəsaitin artıq
xərclənməsinin qarşısı alınıb.
Hesabat dövründə Xidmətin fəaliyyətinin əsas hissəsini
Azərbaycan Respublikasının Baş Prokurorluğundan və hüquq-mühafizə
orqanlarından daxil olmuş məktub və qərarların icrası ilə əlaqədar
həyata keçirilən nəzarət tədbirləri təşkil edib.
Belə ki, prokurorluq və hüquq-mühafizə orqanlarının məktublarına
və qərarlarına əsasən 53 təşkilatda yoxlamalar aparılıb, bu
yoxlamalarla 85 milyon 240 min manat məbləğində artıq və əsassız
ödənişlər aşkar edilib. Aşkar edilmiş nöqsanlara hüquqi qiymət
verilməsi məqsədilə yoxlama materialları aidiyyəti üzrə prokurorluq
və hüquq-mühafizə orqanlarına təqdim olunub.
Bundan əlavə, iş planına və plandankənar nəzarət tədbirlərinə
əsasən 2025-ci ilin birinci yarımilliyində Xidmət tərəfindən 24
təşkilatda yoxlamalar aparılıb. Bu nəzarət tədbirləri nəticəsində
ümumilikdə 76.771,1 min manat məbləğində artıq və əsassız ödənişlər
aşkar edilmiş və müvafiq pozuntulara hüquqi qiymət verilməsi
məqsədilə müvafiq materiallar Baş Prokurorluğuna təqdim edilib.

