
Bakı. Trend:
İqtisadiyyat Nazirliyində “İqtisadi artım” və “Dayanıqlı
məskunlaşma üçün ərazilərin iqtisadiyyatının yerli və xarici dəyər
zəncirinə inteqrasiyası” üzrə alt işçi qrupların ilk iclası
keçirilib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə İqtisadiyyat
Nazirliyi və əlaqədar dövlət qurumlarının rəhbər vəzifəli şəxsləri
iştirak ediblər.
İqtisadiyyat naziri, alt işçi qrupların rəhbəri Mikayıl Cabbarov
iclasda Milli Prioritetlərə əsasən həyata keçirilən 2022-2026-cı
illərdə sosial-iqtisadi inkişaf Strategiyası və işğaldan azad
edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası
barədə məlumat verib.
Qeyd olunub ki, 2024-cü ilin sonuna strategiya üzrə nəzərdə
tutulan tədbirlərin icra səviyyəsi 78 faizə çatıb. Strategiyanın
icrası nəticəsində 2022-2024-cü illərdə qeyri-neft-qaz sektoru üzrə
ÜDM hər il orta hesabla 6,6 faiz, ümumilikdə isə 1,2 dəfə artıb.
Qeyri-neft-qaz sektorunun ÜDM-də payı 2021-ci ildə 61,6 faiz olduğu
halda, 2024-cü ildə 67,8 faizə yüksəlib.
2024-cü il üzrə Böyük Qayıdışa dair I Dövlət Proqramının icra
səviyyəsi isə 74 faizdir. Ötən ilin sonunadək proqram çərçivəsində
21,6 milyard manat vəsait ayrılıb. Azad edilmiş ərazilərdə 55
müəssisənin olduğu iki sənaye parkı yaradılıb. Biznes üçün güzəşt
və azadolmalar tətbiq edilir. Bölgədə fəaliyyət göstərən
müəssisələrin istehsal etdiyi məhsulların ixracına başlanılıb.
Tədbirdə 2027-2030-cu illər üzrə hazırlanacaq sosial-iqtisadi
inkişaf Strategiyasında nəzərdə tutulan prioritetlər, Böyük
Qayıdışa dair II Dövlət Proqramı üzrə əsas fəaliyyət istiqamətləri
haqqında məlumat verilib. İqtisadi şaxələndirmə, investisiyaların
fəal təşviqi, özəl sektorun inkişafı, işğaldan azad edilmiş
ərazilərdə biznesin fəallığının artırılması, ixracyönümlü artım
modelinin təkmilləşdirilməsi üçün səmərəli mexanizmlərin
hazırlanmasının əhəmiyyəti qeyd edilib.
Alt işçi qrupların fəaliyyəti ilə bağlı təqdimatlar olub,
müzakirələr aparılıb.
“İqtisadi artım” üzrə alt işçi qrup yeni strategiyanın “Davamlı
və yüksək iqtisadi artım”, “Paytaxt və regionların tarazlı
inkişafı” məqsədləri, “Dayanıqlı məskunlaşma üçün ərazilərin
iqtisadiyyatının yerli və xarici dəyər zəncirinə inteqrasiyası”
üzrə alt işçi qrup isə işğaldan azad edilmiş ərazilərdə iqtisadi
fəallığın artırılması istiqamətində fəaliyyətlərin həyata
keçirilməsi üzrə sənədin hazırlanmasını təmin edəcək.