Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında enerji körpüsü rolunu gücləndirir – Azər Qarayev

İqtisadiyyat

Bakı. Trend:

Dünyada dəyişən enerji düzəni fonunda Azərbaycan Avrasiya
məkanında əsas enerji və tranzit mərkəzlərindən birinə
çevrilməkdədir. Sanksiyaların gücləndiyi, geosiyasi risklərin
artdığı və alternativ enerji mənbələrinə keçidin sürətləndiyi bir
şəraitdə Mərkəzi Asiya ölkələri öz enerji ixracatının sabitliyini
təmin etmək üçün Bakıya üz tuturlar.

Bunu Trend
açıqlamasında politoloq Azər Qarayev deyib.

“Müasir nəqliyyat və enerji infrastrukturu, əlverişli coğrafi
mövqe və daxili sabitliyi ilə Azərbaycan enerji resursları ilə
zəngin Şərqlə enerji asılılığı olan Qərb arasında strateji körpü
rolunu oynayır. Bu səbəbdən Qazaxıstan, Özbəkistan və hətta
Türkmənistan Bakını Avropaya açılan əsas qapı kimi görür.

2025-ci ildən etibarən Qazaxıstan Bakı-Tbilisi-Ceyhan (BTC) neft
kəməri vasitəsilə neft ixracını 1,5 milyon tondan 1,7 milyon tona
çatdırmağı planlaşdırır. Bu qərar rəsmi şəkildə Qazaxıstan hökuməti
tərəfindən təsdiqlənib və Azərbaycanda da müsbət qarşılanıb. BTC
Cənubi Qafqazdan Avropaya neftin nəqlində ən etibarlı və sınaqdan
keçmiş marşrutlardan biridir. Bu artım Rusiyadan keçən marşrutlarla
bağlı risklərin fonunda olduqca məntiqli addımdır. Qazaxıstan
yalnız bir nəql yolundan asılı olmaq istəmir və alternativlər
axtarır. BTC isə texniki baxımdan modernləşdirilmiş və geosiyasi
cəhətdən neytral bir seçimdir”, – o bildirib.

Eyni zamanda, A.Qarayev qeyd edib ki, Azərbaycan, Qazaxıstan və
Özbəkistan arasında “yaşıl enerji”nin Avropaya ixracı sahəsində
üçtərəfli əməkdaşlıq regionda perspektivli tərəfdaşlığın mühüm
istiqamətlərindən birinə çevrilib.

“Bu təşəbbüs çərçivəsində tərəflər günəş və külək
stansiyalarında istehsal olunan bərpa olunan enerji mənbələrindən
əldə edilən elektrik enerjisinin istehsalı, yığılması və daşınması
sahəsində səylərini əlaqələndirmək barədə razılığa gəliblər. Bu
enerjinin Avropa bazarlarına çıxışı Azərbaycanın ərazisindən
keçməklə həyata keçiriləcək. Azərbaycan burada yalnız tranzit ölkə
kimi deyil, həm də layihənin fəal iştirakçısı kimi çıxış edir –
enerji qəbul və ötürmə infrastrukturu, eləcə də, yerli bərpa olunan
enerji inkişaf proqramı ilə bu prosesdə mühüm rol oynayır.

Bu layihədə Azərbaycan mərkəzi rol oynayır – enerji axınının
əsas hissəsi onun ərazisindən keçəcək, eyni zamanda, ölkə
daxilindəki enerji infrastrukturunun imkanları bu axını
tənzimləməyə və bir hissəsini ehtiyat kimi toplamağa imkan verir.
Avropa İttifaqı üçün də bu layihə xüsusi əhəmiyyət daşıyır. Rusiya
ilə enerji əməkdaşlığının dayandırılması fonunda Aİ karbonsuz
gələcək hədəfinə çatmaq üçün etibarlı bərpa olunan enerji
mənbələrinə ciddi ehtiyac duyur. Bu əməkdaşlıq üç ölkə üçün enerji
ixracında yeni imkanlar açır, Avropanın ənənəvi təchizatçılardan
asılılığını azaldır və Cənubi Qafqazla Mərkəzi Asiyanın qlobal
enerji sistemindəki rolunu daha da gücləndirir”, – o bildirib.




A.Qarayev qeyd edib ki, Mərkəzi Asiya ölkələrindən bir digəri
Türkmənistanın Azərbaycanla enerji sahəsində əməkdaşlıq potensialı
kifayət qədər böyükdür.

“Xüsusilə türkmən qazının Azərbaycan vasitəsilə Avropaya
tranziti üçün imkanlar mövcuddur. Eyni zamanda, Türkmənistan bərpa
olunan enerji sahəsində də əməkdaşlığa qoşula bilər və “yaşıl
enerji”nin Avropaya ixracını nəzərdə tutan təşəbbüslərdə iştirak
edə bilər. Ölkə son illər günəş və külək enerjisi sahəsində
layihələrə start verib. Lakin bu istiqamətdə hələlik konkret
razılaşmalar və ya addımlar atılmayıb. Buna baxmayaraq, Azərbaycan
tərəfi bu əməkdaşlıq üçün açıqdır və gələcəkdə tərəflər arasında
enerji dialoqunun genişlənməsi istisna edilmir”, – o bildirib.

Azərbaycanın enerji infrastrukturundan danışan politoloq
vurğulayıb ki, ölkəmiz son illər nəqliyyat və enerji
infrastrukturunun inkişafına böyük həcmdə sərmayə yatırıb.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı yenilənib, neft-qaz
terminallarının gücü artırılıb, dəmir yolu və avtomobil daşıma
sistemləri optimallaşdırılıb. Bundan əlavə, Bakı-Tbilisi-Ceyhan
neft kəməri, Cənub Qaz Dəhlizi (TANAP və TAP),
Azərbaycan–Gürcüstan–Rumıniya marşrutu üzrə yeni enerji xətləri,
Qara dəniz üzərindən keçəcək sualtı enerji kabelinin inşası planı
və digər böyük layihələr Azərbaycanın bu istiqamətdə daha inkişaf
etmək niyyətindən olduğunun göstəricisidir. Eyni zamanda,
dayanıqlılıq və rəqəmsallaşmaya xüsusi diqqət ayrılır. Avropa
İttifaqı Azərbaycanı rəsmi olaraq enerji sahəsində strateji
tərəfdaş kimi tanıyır. 2022-ci ildə tərəflər arasında qaz
təchizatının 2027-ci ilədək ikiqat artırılması (20 milyard kubmetr)
barədə Anlaşma Memorandumu imzalanıb. Azərbaycan, həmçinin, “Black
Sea Energy” layihəsi çərçivəsində alternativ və “yaşıl enerji”nin
əsas nəqli qovşağı hesab olunur. Aİ bu infrastrukturun inkişafını
“Team Europe” və “Global Gateway” proqramları çərçivəsində texniki
və maliyyə dəstəyi ilə təşviq edir”, – o bildirib.

Azərbaycanın tranzit sahəsində roluna toxunan A.Qarayev qeyd
edib ki, Qazaxıstan və Özbəkistan kimi Mərkəzi Asiya ölkələri
Azərbaycanda yalnız tranzit ortağı deyil, həm də regional strateji
müttəfiq görürlər.

“Azərbaycan siyasi sabitlik, Avropa bazarlarına çıxış, neytral
mövqe və yüksək keyfiyyətli infrastruktur təklif edir. Eyni
zamanda, Türk Dövlətləri Təşkilatı və ŞƏT çərçivəsində Bakı region
ölkələri ilə koordinasiyasını dərinləşdirir. 2030-cu ilə qədər
Azərbaycanın enerji infrastrukturunun keçid qabiliyyəti 30–40%
artaraq, yeni limanlar, terminallar və dəhlizlərin hesabına
genişlənə bilər. Bu fonda Türkmənistanın neft və qaz tranzitinə
qoşulması, Mərkəzi Asiyadan Aİ-yə bərpa olunan enerji ixracı üçün
dəhlizin qurulması, Azərbaycanın hidrogen enerjisi layihələrində
iştirakı reallaşa bilər. Nəticə olaraq, Azərbaycan getdikcə daha
inamla Mərkəzi Asiya ilə Avropa arasında enerji körpüsü rolunu
oynayır. Onun sabitliyi, infrastruktur imkanları və diplomatik
fəallığı ölkəni Avrasiya məkanında əsas tranzit və enerji mərkəzinə
çevirir. Avropanın enerji daşıyıcılarına artan tələbatı və Mərkəzi
Asiya ölkələrinin marşrutların diversifikasiyası cəhdləri fonunda
Azərbaycanın rolu yaxın illərdə daha da güclənəcək. Bakı Şərqlə
Qərb arasında etibarlı tərəfdaş və strateji əlaqə nöqtəsi olaraq
önəmini artıracaq”, – A.Qarayev əlavə edib.

Spread the love