
Bakı.Trend:
“KOB FEST” sərgi-satış yarmarkasında məhsul və xidmətlərini
təqdim etmək istəyən KOB-lardan müraciətlərin qəbuluna
başlanıldı.
Göygöl rayonunun Xan Yaylağında keçiriləcək 4-cü Milli Yaylaq
Festivalı çərçivəsində “KOB FEST” sərgi-satış yarmarkası da təşkil
olunacaq. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA)
təşkilatçılığı ilə keçiriləcək yarmarka 15-17 avqust tarixlərində
fəaliyyət göstərəcək.
Sərgi-satış yarmarkasında məhsul və xidmətlərini təqdim etmək
istəyən KOB subyektləri, yaradıcı şəxslər və sənətkarlar avqustun
12-dək Agentliyin saytındakı müvafiq formanı doldurmaqla müraciət
edə bilərlər: https://smb.gov.az/az/contact-form/exhibition-form/1
(“İştirak etmək istədiyiniz tədbir” bölümündə “KOB FEST – Göygöl”
qeyd olunmalıdır).
Mikro və kiçik sahibkarların yarmarkada iştirak etməsi üçün
ödəniş nəzərdə tutulmur.
“KOB FEST” sərgi-satış yarmarkasının məqsədi KOB subyektlərinin
istehsal etdiyi məhsul və xidmətlərin geniş istehlakçı
auditoriyasına tanıdılması və satışına dəstək olmaq, istehlakçıları
KOB-ların məhsul və xidmətlərindən istifadəyə təşviq etməklə kiçik
sahibkarların inkişafını dəstəkləməkdir. Yarmarka həmçinin,
sənətkarların satış imkanlarını artırmağı, istehsalçıları və
istehlakçıları bir platformada görüşdürməyi, KOB-lar və təchizatçı
şirkətlər arasında işgüzar əlaqələrin qurulmasını hədəfləyir.