
Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi
ilə qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının inkişafı
dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən
olunub.
Trend
xəbər verir ki, bunu “Üfüq” Karyera İnkişaf Proqramı üzrə
müsabiqənin qalibləri ilə görüş və mükafatlandırma mərasimində kənd
təsərrüfatı naziri Məcnun Məmmədov deyib.
Onun sözlərinə görə, son illərdə bu sahədə həyata keçirilən
sistemli islahatlar, innovativ texnologiyaların tətbiqi, müasir
infrastrukturun qurulması və dövlət dəstəyi mexanizmlərinin
təkmilləşdirilməsi kənd təsərrüfatının dayanıqlı və rəqabətədavamlı
inkişafına ciddi stimul verib. Bu istiqamətdə əldə olunan uğurlar
həm ölkənin ərzaq təhlükəsizliyi baxımından, həm də regionların
sosial-iqtisadi dirçəlişi baxımından mühüm strateji önəm
daşıyır.
M.Məmmədov qeyd edib ki, Prezidentin aqrar sahəyə göstərdiyi
xüsusi diqqət və qayğı bizim fəaliyyətimizin daha məqsədyönlü və
kompleks yanaşma əsasında qurulmasını şərtləndirir:
“Aqrar sektorun uğurlu inkişafı yalnız maddi-texniki baza ilə
deyil, eyni zamanda bu sahədə çalışan savadlı, bacarıqlı və yüksək
məsuliyyət hissinə malik kadrlarla mümkündür. Bu səbəbdən də kənd
təsərrüfatında insan kapitalının gücləndirilməsi, idarəetmə
qabiliyyəti olan peşəkarların aşkarlanması və inkişafının
dəstəklənməsi xüsusi aktuallıq kəsb edir.
Bildiyiniz kimi, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən
“Yüksəliş” İctimai Birliyi ilə birgə Nazirlik sistemində fəaliyyət
göstərən əməkdaşlarımız üçün “Üfüq” Karyera İnkişaf Proqramı üzrə
müsabiqə uğurla həyata keçirilmişdir. Proqramın əsas məqsədi kənd
təsərrüfatında çalışan, yüksək intellektual səviyyəyə və idarəetmə
qabiliyyətinə malik şəxsləri müəyyənləşdirmək, onların peşəkar
inkişafını dəstəkləmək və gələcək üçün dayanıqlı kadr bazasını
formalaşdırmaqdır. “Üfüq” bizim üçün sadəcə bir proqram yox, aqrar
sektorun müasir kadr siyasətinin təməlini qoyan bir addımdır”.
“Üfüq” proqramı adına uyğun olaraq, yeniliklərə açılan qapı,
fərqli düşüncə tərzi və inkişaf üçün yeni perspektivlər təqdim
edir. Müsabiqənin bütün mərhələləri — ilkin qeydiyyatdan başlayaraq
finala qədər — şəffaflıq və obyektivlik prinsipləri əsasında təşkil
olunub. Bu prosesə “Yüksəliş” müsabiqəsinin peşəkar təşkilati
heyətinin cəlb olunması, onların uzun illər ərzində formalaşmış
qiymətləndirmə bacarıqları və metodoloji dəstəyi “Üfüq” proqramının
keyfiyyətinə mühüm töhfə verib”, – kənd təsərrüfatı naziri
deyib.
Nazir sonda qeyd edib ki, bu gün artıq “Üfüq” Karyera İnkişaf
Proqramının final mərhələsi uğurla başa çatıb və 30 qalib
iştirakçımız müəyyən olunub:
“Bu nəticə hər birinizin göstərdiyi yüksək peşəkarlığın,
liderlik potensialınızın və gələcək məsuliyyətlərə hazırlığınızın
bariz göstəricisidir. Qalibiyyətiniz yalnız bu günə qədər olan
nailiyyətlərinizin göstəricisi deyil, eyni zamanda peşəkar inkişaf
yolunuzda yeni və daha geniş imkanların başlanğıcıdır.
“Üfüq” proqramı ilə əldə etdiyiniz bu uğur sizə daha böyük
hədəflərə doğru inamla irəliləmək üçün möhkəm zəmin yaradır.Qarşıda
sizi fərdi inkişaf təlimləri, kouçinq sessiyaları, komanda
quruculuğu tədbirləri və təcrübəli mentorlarla əməkdaşlıq imkanları
gözləyir.
Bu mərhələlər sizə öz potensialınızı daha da üzə çıxarmaq,
idarəetmə bacarıqlarınızı təkmilləşdirmək və gələcək karyeranızda
uğur qazanmaq üçün geniş şərait yaradacaq.İnanıram ki, “Üfüq”
Karyera İnkişaf Proqramı sizin üçün yeni üfüqlər açmaqla yanaşı,
liderlik yolunda mühüm təməl rolunu oynayacaq. Sizə gələcək
fəaliyyətinizdə uğurlar arzulayıram və əminəm ki, burada
qazandığınız bilik, bacarıq və təcrübə ölkəmizin kənd təsərrüfatı
sahəsində davamlı inkişafına dəyərli töhfələr verəcək”.