
Bakı.Trend:
“Üfüq” Karyera İnkişaf Proqramının qaliblərinin təltif olunma
mərasimi keçirilib.
Trend
xəbər verir ki, qaliblər mentorluq proqramı çərçivəsində təcrübə
keçəcək.
Kənd Təsərrüfatı Nazirliyi və “Yüksəliş” İctimai Birliyi
arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən “Üfüq” Karyera
İnkişaf Proqramının qalibləri ilə görüş keçirilib. Tədbirdən öncə
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli
Lider Heydər Əliyev və Vətən uğrunda canından keçən qəhrəman
şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan kənd təsərrüfatı naziri Məcnun
Məmmədov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin aqrar sahəyə göstərdiyi xüsusi diqqət və qayğı kənd
təsərrüfatı sahəsində fəaliyyətin daha məqsədyönlü və kompleks
yanaşma əsasında qurulmasını şərtləndirir. Aqrar sahədə insan
kapitalının gücləndirilməsi, idarəetmə qabiliyyəti olan
peşəkarların aşkarlanması və inkişafının dəstəklənməsi xüsusi
aktuallıq kəsb edir.
Nazir Məcnun Məmmədov qeyd edib ki, kənd təsərrüfatında çalışan,
yüksək intellektual səviyyəyə və idarəetmə qabiliyyətinə malik
şəxsləri müəyyənləşdirmək, onların peşəkar inkişafını dəstəkləmək
və gələcək üçün dayanıqlı kadr bazasını formalaşdırmaq məqsədilə
həyata keçirilən “Üfüq” Karyera İnkişaf Proqramı yeniliklərə açılan
qapı olmaqla fərqli düşüncə tərzi və inkişaf üçün yeni
perspektivlər təqdim edir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib
Məmmədov qeyd edib ki, bu gün aqrar sahədə müasir texnologiyaları
dərindən bilən, innovativ yanaşmalara açıq, idarəçilik qabiliyyəti
yüksək kadrlar çalışır. Gənclərin bu sahəyə həvəsləndirilməsi,
bilik və bacarıqlarının artırılması istiqamətində görülən tədbirlər
və kənd təsərrüfatı ixtisaslarına olan böyük maraq xüsusi önəm kəsb
edir. Bu baxımdan “Üfüq” Karyera İnkişaf Proqramının həyata
keçirilməsinin təqdirəlayiq olduğunu deyən Sahib Məmmədov əlavə
edib ki, müsabiqə aqrar sektorda perspektivli və istedadlı
gənclərin üzə çıxarılması, onların inkişafı, gələcəyin
idarəçilərini formalaşmasına əlavə imkanlar açır.
Gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin
İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev “Üfüq” Karyera İnkişaf
Proqramını kənd təsərrüfatı sahəsində peşəkar kadrların aşkara
çıxarılması üçün mühüm platforma adlandırıb. Fərhad Hacıyev qeyd
edib ki, bu müsabiqə ölkəmizdə ixtisaslaşmış müsabiqələrin sayının
artmasına təkan verir. Natiqlər müsabiqə iştirakçılarına uğurlar
arzulayıb, qaliblərin əldə edəcəyi təcrübə və biliklərin ölkəmizin
kənd təsərrüfatının inkişafına layiqli töhfələr verəcəyinə
əminliyini ifadə ediblər.
Tədbirdə ÜFÜQ” Karyera İnkişaf Proqramının icmal videosu nümayiş
olunub. Kənd təsərrüfatı nazirinin müşaviri, “ÜFÜQ” Karyera İnkişaf
Proqramı üzrə İşçi Qrupunun rəhbəri Fərid Nəcəfov müsabiqənin
təşkili ilə bağlı hesabat xarakterli çıxış edib.
Daha sonra “ “Üfüq” Karyera İnkişaf Proqramı üzrə müsabiqənin
qalibləri mükafatlandırlıb, onlara diplom və hədiyyələr təqdim
olunub. “ÜFÜQ” Karyera İnkişaf Proqramının İşçi Qrupunun üzvlərinə
müsabiqənin təşkilində fəal iştiraka görə təşəkkürnamələr
verilib.
Tədbirin sonunda müsabiqənin İşçi Qrupu tərəfindən mentorluq
proqramı çərçivəsində mentor-qalib tərəfdaşlıqları elan edilib.
Bildirilib ki, müsabiqənin şərtlərinə əsasən, 30 qalibin hər biri 1
il müddətində Kənd Təsərrüfatı Nazirliyinin idarəçi rəhbərləri ilə
mentorluq proqramı çərçivəsində əməkdaşlıq edərək təcrübə
keçəcək.