
Kilis: Trend:
Azərbaycan qazının Suriyaya ixracına başlanılıb.
Xəbər yenilənəcək
xxx
11:15
Türkiyənin Kilis şəhərinin Yavuzlu kəndində Azərbaycan qazının
Türkiyə üzərindən Suriyaya ixracı ilə bağlı Türkiyə-Suriya təbii
qaz boru kəmərinin açılış mərasimi keçirilir.
Trend-in Türkiyəyə ezam olunmuş müxbiri xəbər verir
ki, açılış mərasimində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl
Cabbarov, Türkiyə Respublikasının energetika və təbii sərvətlər
naziri Alparslan Bayraktar, Qətər İnkişaf Fondunun rəhbəri Fəhad
Həməd Əl-Sulaiti, Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir
iştirak edirlər.
Nazirlərin çıxışlarından sonra aparıcı açılış mərasimində
iştirak edən rəsmi şəxsləri səhnəyə dəvət edəcək. Daha sonra
səhnədə yerləşən vana (klapan) simvolik olaraq çevriləcək. Bununla
da Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracına start
veriləcək.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Suriya
arasında bu yaxınlarda imzalanmış sənəd üzrə təbii qazın nəqli üçün
hazırlıqlar tamamlanıb. İlk mərhələdə illik 1,2 milyard kubmetr
təbii qazın Suriyaya ixracı planlaşdırılır. Qaz Türkiyə
sərhədindəki Kilis şəhərindən keçərək Hələb və Homsdakı elektrik
stansiyalarına çatacaq və elektrik istehsalı üçün istifadə
olunacaq. Bunun sayəsində təxminən 1.200–1.300 meqavatlıq istehsal
gücü hədəflənir.
Ümumilikdə, yeni enerji xəttinin istifadəyə verilməsi Suriyanın
yenidən qurulmasında mühüm addım hesab olunur. Belə ki,
Azərbaycandan gələn təbii qazın Türkiyə üzərindən Kilis xətti ilə
Suriyaya çatdırılması Suriyanın zədələnmiş elektrik
infrastrukturunun bərpasına və Türkiyənin regional enerji mərkəzi
olma hədəfinin gücləndirilməsinə töhfə verməyi məqsəd qoyur.
Xatırladaq ki, cari ilin iyulun 12-də Suriya Ərəb
Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın
Azərbaycana işgüzar səfəri çərçivəsində Azərbaycan Dövlət Neft
Şirkəti (SOCAR) ilə Suriya Ərəb Respublikası Hökuməti arasında
Anlaşma Memorandumu imzalanıb.
Memorandumu Azərbaycanının iqtisadiyyat naziri, SOCAR-ın
Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Suriyanın energetika
naziri Məhəmməd Əl Bəşir imzalayıblar.