
Kilis. Trend:
Layihənin məqsədi Suriyada elektrik böhranını azaltmaqdır.
Trend-in
Türkiyəyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Qətər İnkişaf
Fondunun rəhbəri Fəhad Həməd Əl-Sulaiti Türkiyə-Suriya təbii qaz
boru kəmərinin açılış mərasimində deyib.
“Bu layihənin məqsədi Suriya Ərəb Respublikasında elektrik
böhranını azaltmaqdır. Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, bu
gündən etibarən tamamilə Türkiyə Respublikasındakı texniki qruplar
tərəfindən bərpa edilən bu boru kəməri vasitəsilə qazın ötürülməsi
başlayır. Layihənin gündəlik ötürmə gücü 3,4 milyon kubmetr təbii
qaz təşkil edir ki, bu da illik olaraq 1.2 milyard kubmetrə
bərabərdir.
Bu qaz Türkiyə-Suriya sərhədindəki təhvil nöqtəsi vasitəsilə
Suriya Ərəb Respublikasında elektrik istehsalında istifadə
olunacaq. Bu isə elektrik verilişi saatlarının gündəlik təxminən
beş saata qədər artmasına, yəni cari səviyyədən 40% çoxalmasına
imkan verəcək və bu, beş milyondan çox abunəçini əhatə
edəcəkdir.
Qətər Dövləti Qətər İnkişaf Fondu vasitəsilə xalqların həyatında
müsbət dəyişiklik yaradan həyati əhəmiyyətli layihələrin
maliyyələşdirilməsində önəmli rol oynadığını təsdiqləyir. Biz
Suriyanın elektrik sektorunu dəstəkləyirik və bu dəstək bizim
Suriya xalqına olan humanitar və qardaşlıq məsuliyyətimizdən irəli
gəlir. Bu, həmçinin davamlı inkişaf, sülh və sabitliyə töhfə vermək
öhdəliyimizin təzahürüdür.
Biz bu təşəbbüsün sadəcə müvəqqəti bir reaksiya deyil, əksinə,
Suriyada davamlı inkişaf və tərəqqi yolunda ciddi bir addım
olmasını təmin etməyə çalışdıq. Bu, Türkiyə və Azərbaycan kimi
tərəfdaşlarımız vasitəsilə həyata keçirilmişdir. Müntəzəm və
davamlı elektrik enerjisi təminatı, cəmiyyətlərin yenidən qurulması
və rifahı üçün əsas təməl sütunlardan biridir. Əminik ki, bu gün
atılan bu addımlar, gələcəkdə daha çox təhlükəsizlik, sabitlik və
inkişafın əsasını qoyacaq və layihənin hədəflədiyi insanların
həyatına birbaşa müsbət təsir göstərəcəkdir.
Bu kontekstdə biz beynəlxalq ictimaiyyət və tərəfdaşlarımızla
birgə əməkdaşlıqla bu yanaşmanı davam etdirmək və xalqın
əziyyətlərini azaltmaq və onların çətinliklər qarşısında
davamlılığını gücləndirmək üçün davamlı təşəbbüslərin həyata
keçirilməsinə sadiq olduğumuzu bir daha bəyan edirik.
Sonda bu layihənin gerçəkləşməsində əməyi olan hər kəsə
təşəkkürümü bildirirəm”, – o qeyd edib.