Suriyaya qaz təchizatı layihəsində Qətər dövlətinin mühüm töhfəsi var

İqtisadiyyat

Kilis. Trend:

Qaz təchizatı layihəsində Qətər dövlətinin də mühüm töhfəsi var.
Azərbaycan, Türkiyə və Qətər regionda dayanıqlı sülhün bərqərar
olmasında maraqlıdırlar və bu istiqamətdə birgə fəaliyyət
göstərirlər.

Trend xəbər
verir ki, müvafiq qaz alqı-satqı müqaviləsi və Türkiyə tərəfi ilə
Svop razılaşması çərçivəsində Azərbaycan təbii qazının Türkiyə
ərazisi ilə Suriyaya nəql olunması ölkəmizin enerji ixracı
tarixində mühüm mərhələdir və Cənubi Qafqaz ilə Yaxın Şərq arasında
yeni enerji körpüsünün əsasını qoyur.

Qeyd edək ki, bu gün Türkiyənin Kilis şəhərində Azərbaycan
qazının Türkiyə ərazisindən Suriyaya nəqlinə başlanılması ilə bağlı
tədbir keçirilib. Tədbirdə Azərbaycan, Türkiyə, Suriyanın, Qətərin
hökumət nümayəndələri, rəsmi şəxslər iştirak ediblər.

Əlavə edək ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Suriya
arasında bu yaxınlarda imzalanmış sənəd üzrə təbii qazın nəqli üçün
hazırlıqlar tamamlanıb. İlk mərhələdə illik 1,2 milyard kubmetr
təbii qazın Suriyaya ixracı planlaşdırılır. Qaz Türkiyə
sərhədindəki Kilis şəhərindən keçərək Hələb və Homsdakı elektrik
stansiyalarına çatacaq və elektrik istehsalı üçün istifadə
olunacaq. Bunun sayəsində təxminən 1.200–1.300 meqavatlıq istehsal
gücü hədəflənir.




Ümumilikdə, yeni enerji xəttinin istifadəyə verilməsi Suriyanın
yenidən qurulmasında mühüm addım hesab olunur. Belə ki,
Azərbaycandan gələn təbii qazın Türkiyə üzərindən Kilis xətti ilə
Suriyaya çatdırılması Suriyanın zədələnmiş elektrik
infrastrukturunun bərpasına və Türkiyənin regional enerji mərkəzi
olma hədəfinin gücləndirilməsinə töhfə verməyi məqsəd qoyur.

Xatırladaq ki, cari ilin iyulun 12-də Suriya Ərəb
Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın
Azərbaycana işgüzar səfəri çərçivəsində Azərbaycan Dövlət Neft
Şirkəti (SOCAR) ilə Suriya Ərəb Respublikası Hökuməti arasında
Anlaşma Memorandumu imzalanıb.

Memorandumu Azərbaycanının iqtisadiyyat naziri, SOCAR-ın
Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Suriyanın energetika
naziri Məhəmməd Əl Bəşir imzalayıblar.