
Bakı. Trend:
Azərbaycanda 2015-ci ildən 2025-ci ilin I yarısı da daxil
olmaqla, sənaye zonalarında 17,2 milyard manatlıq məhsul satışı
həyata keçirilib, bunun da 5,53 milyard manatlıq hissəsi ixrac
edilib.
Bu barədə Trend İqtisadiyyat Nazirliyi yanında İqtisadi
Zonaların İnkişafı Agentliyinə (İZİA) istinadən xəbər verir.
Məlumata əsasən, 2025-ci ilin ilin birinci yarısında sənaye
zonalarında 1,83 milyard manatlıq satış həyata keçirilib ki, bunun
da 583,5 milyonluq hissəsi ixracın payına düşür.
Qeyd edilib ki, sənaye zonaları üzrə məhsul satışı 2024-cü ilin
eyni dövrünə nisbətən 28,7%, ixracı 22,4% artıb.
Məlumatda vurğulanıb ki, sənaye zonalarında istehsal edilən
polimerlər, karbamid, polad və polietilen borular, tütün
məmulatları, divar kağızları, müxtəlif təyinatlı ayaqqabılar,
sürtkü yağları, ferroərintilər, müxtəlif növdə kabellər, şüşə
lövhələr, tikinti kimyəviləri, ipliklər, elektrod və s. məhsullar
ABŞ, Kanada, Çin, Hindistan, İngiltərə, Almaniya, BƏƏ, Yunanıstan,
İsrail, Avstriya, Norveç, Çexiya, İspaniya, Belçika və s. ölkələr
daxil olmaqla, ümumilikdə dünyanın 70-dən artıq ölkəsinə “Made In
Azerbaijan” brendi adı altında ixrac olunub.
“Eyni zamanda, sənaye zonalarına sahibkarların cəlb edilməsi,
investisiyaların yatırılması və yeni iş yerlərinin yaradılması
istiqamətlərində müsbət addımlar atılır. 2013-cü ildən indiyədək
sənaye zonaları üzrə ümumi investisiya həcmi 8,03 milyard manat
olan 160 sahibkarlıq subyektinə rezidentlik, 12 sahibkara isə
qeyri-rezidentlik statusu verilib. Sahibkarlar tərəfindən sənaye
zonalarına 6,88 milyard manatdan çox investisiya yatırılıb və 10
900 daimi iş yeri yaradılıb”, – deyə məlumatda qeyd edilib.