
Bakı. Trend:
bp şirkəti Santos hövzəsində yerləşən Bumerangue blokunda,
Rio-de-Janeyrodan 404 kilometr (218 dəniz mili) məsafədə, 2372 metr
dərinlikdə “1-BP-13-SPS” kəşfiyyat quyusunu qazıb.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, buruq quyusunun ümumi dərinliyi 5855 metr təşkil
edib. O yüksək keyfiyyətli, 300 kvadrat kilometrdən çox sahəyə
malik, duzaltı karbonat kollektorunda 500 metrlik karbohidrogen
layına daxil olub.
“Biz böyük məmnuniyyətlə Bumerangue yatağının kəşfini elan
edirik – bu bp üçün son 25 ilin ən iri kəşfidir”, -deyə şirkətin
istehsalat və istismar üzrə icraçı vitse-prezidenti Qordon Birrell
bildirib.
Bundan başqa, bp şirkəti Bumerangue blokunda 100%-lik paya
malikdir. Layihə üzrə məhsul bölgüsü şərtlərinə əsasən müqavilənin
idarəedici tərəfi Pre-Sal Petroleo SA şirkətidir. Razılaşmaya görə,
80% kompensasiya nefti və 5,9% mənfəət nefti nəzərdə tutulur.