
Bakı. Trend:
Cari ilin yanvar-iyul aylarında İqtisadiyyat Nazirliyi yanında
Dövlət Vergi Xidmətinin (DVX) xəttilə dövlət büdcəsinə 10 milyard
558,4 milyon manatdan çox vergi daxil olub, proqnoza 106,0 faiz
əməl edilib.
Bu barədə Trend
DVX-yə istinadən xəbər verir.
Məlumata görə, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dövlət
büdcəsinə vergi daxilolmaları 285,6 milyon manat və ya 2,8 faiz
artıb.
Qeyri-neft-qaz sektorunda daxilolmalar 7 milyard 588 milyon
manatdan çox olub, proqnoz 103,4 faiz icra edilib. Əvvəlki ilin
eyni dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 643,9 milyon
manatdan və ya 9,3 faiz çox olub. Ödənilən vergilərin 71,9 faizi
qeyri-neft-qaz sektorunun, 28,1 faizi isə neft-qaz sektorunun
payına düşüb.
Bundan başqa, 2025-ci ilin yanvar-iyul aylarında muzdlu işçi
sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi
dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3 milyard 699,7
milyon manatdan çox olub. Bu mənbədən daxilolmalar əvvəlki ilin
müvafiq dövrü ilə müqayisədə 12,4 faiz və ya 409,4 milyon manatdan
çox artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin
eyni dövrünə nisbətən 13,6 faiz artıb və 2 milyard 446,3 milyon
manatdan çox təşkil edib.
İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 2024-cü ilin
müvafiq dövrü ilə müqayisədə 10,7 faiz artaraq 130,8 milyon
manatdan çox olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 12,2
faiz artıb və 98,9 milyon manatdan çox təşkil edib.
İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni
dövrünə nisbətən 10,8 faiz artıb və 641,1 milyon manatdan çox olub.
Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 10,5 faiz artaraq 449,3
milyon manatdan çox təşkil edib.