Beş mikro və kiçik sahibkarın innovativ layihələri vergidən azad edildi

İqtisadiyyat

Bakı. Trend:

Beş mikro və kiçik sahibkara Kiçik və Orta Biznesin İnkişafı
Agentliyi (KOBİA) tərəfindən “Startap” şəhadətnaməsi verilib.
Bununla da “Startap” şəhadətnaməsi almış sahibkarların sayı 220-yə
çatıb.

“Startap” şəhadətnaməsinin verilməsi üzrə Ekspertlər Şurasının
növbəti iclasında KOB subyektlərindən daxil olmuş 14 müraciətə
baxılıb. Şuranın qərarına əsasən “Steamland Factory” MMC-nin süni
intellekt sistemləri üçün məlumat (data) infrastrukturu xidməti, “Mənzil Park” MMC-nin yaşayış kompleksləri və binaların
idarəedilməsi üçün onlayn platforması, “Nooshcard” MMC-nin işçi
heyəti üçün rəqəmsal yemək kartı həlli, “Adscreen” MMC-nin taksi
sərnişinləri üçün rəqəmsal reklam platforması və “Onrepetitor”
MMC-nin onlayn tədris və hazırlıq platforması layihələrinə
“Startap” şəhadətnamələri verilib.




“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni
aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə
etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il
müddətinə azad edir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq
subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə
bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər,
eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla https://smb.gov.az/az/nav/startap-sehadetnamesi
keçid linki vasitəsilə tanış olmaq olar. Həmçinin, “Startap”
şəhadətnaməsi ilə bağlı sualı olan KOB subyektləri KOBİA-nın 131
Çağrı Mərkəzinə müraciət edə bilər.