
Bakı. Trend:
Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA
Bank” alternativ maliyyələşmə alətlərini genişləndirmək və yerli
kapital bazarının inkişafına töhfə vermək məqsədilə yeni istiqraz
emissiyasına start verib. Yeni emissiyanın Bankın strategiyasındakı
rolu, investisiya risklərinin necə balanslaşdırıldığı və maliyyə
inklüzivliyinə verəcəyi töhfələri Bankın idarə heyətinin üzvü, baş
maliyyə inzibatçısı Murad Süleymanovla müzakirə etdik.
Hörmətli Murad bəy, məlumdur ki, istiqraz emissiyası bir
maliyyə aləti olmaqla yanaşı, bankın uzunmüddətli strategiyasını və
bazardakı mövqeyini də əks etdirir. Bu baxımdan, cari emissiyanın
“PAŞA Bank” üçün əhəmiyyəti nədən ibarətdir?
Yeni istiqraz buraxılışı “PAŞA Bank”ın uzunmüddətli inkişaf
planlarında mühüm strateji komponent hesab olunur. Bu addım yalnız
vəsait cəlb etməyə yönəlməyib, həm də yerli maliyyə bazarının
şaxələndirilməsinə və maliyyə infrastrukturlarının
dərinləşdirilməsinə xidmət edir. Bank bu vasitə ilə bazarda
institusional iştirakçılığı artırmaq, investorların seçimlərini
genişləndirmək və ölkə daxilində davamlı maliyyələşmə modellərinin
tətbiqinə liderlik etmək niyyətindədir. Belə təşəbbüslər həmçinin
bankın investisiya mədəniyyətinin formalaşdırılmasına verdiyi
töhfənin bir göstəricisidir.
İstiqrazlar investisiya üçün maraqlı alət olsa da, hər
zaman risk və gəlirin balanslaşdırılması vacib məqamdır. “PAŞA
Bank”ın yeni istiqraz emissiyasında bu balans necə təmin olunur və
investorlar üçün hansı təhlükəsizlik mexanizmləri
mövcuddur?
İstiqrazların buraxılışı həm sabit gəlir təmin etmək, həm də
risklərin effektiv idarə olunmasını nəzərdə tutur. 12 aylıq tədavül
müddəti və illik 10.5%-ə qədər gəlirlilik, investorlara həm
likvidlik, həm də gəlir sabitliyi baxımından cəlbedici fürsət
yaradır. Hüquqi baxımdan tam tənzimlənmiş bu emissiya, şəffaflıq və
etibarlılıq prinsipləri üzərində qurulub. İnvestorlar bu istiqraz
emissiyasında iştirak etməklə, risklərini effektiv şəkildə
diversifikasiya edir və ölkənin aparıcı və etibarlı banklarından
birinə sərmayə qoyaraq sabit gəlir imkanından faydalanırlar.
Qeyd edək ki, bu emissiyada iştirak üçün minimum investisiya
məbləği 10,000 AZN olaraq müəyyən edilib. Bu yanaşma həm peşəkar,
həm də fərdi investorlar üçün effektiv sərmayə planlaşdırması
imkanı yaradır. Eyni zamanda, fiziki şəxslər üçün bu emissiya vergi
baxımından da cəlbedici alətdir. Belə ki, mövcud 12 aylıq
əmanətlərdən fərqli olaraq fiziki şəxslərin bu istiqrazlardan əldə
etdikləri faiz gəlirləri vergidən azaddır. Bu, xüsusilə əmanətlərə
alternativ axtaran fərdi investorlar üçün əlavə motivasiya
yaradır.
Bu təşəbbüs Azərbaycanda investisiya mədəniyyətinin
genişlənməsinə, yerli investorların maliyyə alətlərinə çıxışının
asanlaşmasına və ümumilikdə kapital bazarının inkişafına necə
dəstək olacaq?
“PAŞA Bank” olaraq, biz inanırıq ki, ölkəmizdə maliyyə
inklüzivliyinin genişlənməsi və sağlam kapital bazarının
formalaşması iqtisadi inkişafın davamlılığı üçün vacibdir. Bu
istiqraz emissiyası vasitəsilə yerli investorlar üçün əlçatan və
rəqabətli investisiya alətləri təqdim edirik. Bu, həmçinin fərdi
investorların və kiçik müəssisələrin maliyyə bazarına çıxışını
asanlaşdırır və investisiya imkanlarını genişləndirir.
Eyni zamanda, emissiya yerli qiymətli kağızlar bazarının
institusional dərinləşməsinə xidmət edir, yəni bazarda daha çox
iştirakçı və daha müxtəlif maliyyə alətləri meydana çıxır. Bu,
likvidliyin artmasına və bazarın dayanıqlılığının güclənməsinə
şərait yaradır.
Uzunmüddətli perspektivdə, belə təşəbbüslər iqtisadiyyatın real
sektoru ilə maliyyə bazarlarını daha sıx bağlayır və investisiya
mədəniyyətinin inkişafına təkan verir. “PAŞA Bank” olaraq
məqsədimiz, şəffaflıq və etibarlılıq prinsiplərinə əsaslanan
maliyyə mexanizmləri yaradaraq, cəmiyyətin geniş təbəqələrinin
iqtisadi proseslərdə iştirakını artırmaqdır. Nəticədə, bu, ölkədə
dayanıqlı inkişafın təmin olunmasına və iqtisadi sabitliyin
möhkəmlənməsinə öz töhfəsini verir.
Murad bəy, dəyərli vaxtınızı bizə ayırdığınız və “PAŞA
Bank”ın istiqraz emissiyası ilə bağlı ətraflı məlumat verdiyiniz
üçün təşəkkür edirik.