
Bakı. Trend:
2022-ci ildən bəri Orta Dəhliz üzrə yükdaşımaların həcmi 90 faiz
artıb, marşrut üzrə tranzit müddəti isə əhəmiyyətli dərəcədə
azalıb.
Trend xəbər verir
ki, bunu bu gün Türkmənistanın Avaza şəhərində keçirilən, BMT-nin
dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin üçüncü
Konfransı (LLDC3) çərçivəsində baş tutan plenar iclasda
Azərbaycanın Baş naziri Əli Əsədov deyib.
Onun sözlərinə görə, bir sıra Çin şəhərlərindən yola düşən
konteyner qatarları cəmi 10–12 günə Azərbaycanın paytaxtı Bakıya
çatır ki, bu da Orta Dəhlizin beynəlxalq ticarət üçün strateji
əhəmiyyətli marşrut kimi artan rolunu göstərir.
“Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin nəqliyyat
infrastrukturunun inteqrasiyası daha geniş Avrasiya qarşılıqlı
bağlılığı üçün əsas yaradır”, – deyə Baş nazir BMT-nin SPECA
proqramı çərçivəsində əməkdaşlığın əhəmiyyətinə toxunaraq
bildirib.
Baş nazir 2023-cü ilin noyabrında Bakıda proqramın 25 illiyinə
həsr olunmuş SPECA sammitinin keçirildiyini xatırladıb. Tədbirin
əsas nəticələri regional əməkdaşlığın genişləndirilməsinə və qlobal
iqtisadiyyata inteqrasiyaya yönəlmiş Bakı Bəyannaməsi və Orta
Dəhlizin rəqəmsallaşdırılması üzrə Yol Xəritəsi olub.
Rəqəmsal inteqrasiyanın perspektivlərindən danışan Ə.Əsədov
vurğulayıb ki, Azərbaycan rəqəmsal transformasiya təşəbbüsünü
həyata keçirir. Bu təşəbbüsün mühüm hissələrindən biri “Rəqəmsal
İpək Yolu” adlı genişmiqyaslı layihədir və bu layihə Xəzərdənkənar
fiber-optik kabelin çəkilməsini nəzərdə tutur.

