
Bakı. Trend:
BMT-nin iqlim dəyişikliyi üzrə Bakıda keçirilən COP29
konfransında inkişaf etməkdə olan ölkələr üçün illik iqlim
maliyyələşmə həcminin 2035-ci ilə qədər 100-dən 300 milyar dollara
qaldırılması ilə bağlı razılaşma əldə olunub.
Trend xəbər verir
ki, bunu bu gün Türkmənistanın Avaza şəhərində keçirilən, BMT-nin
dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin üçüncü
Konfransı (LLDC3) çərçivəsində baş tutan plenar iclasda
Azərbaycanın Baş naziri Əli Əsədov deyib.
“Paris Sazişinin 6-cı maddəsinə uyğun olaraq, Azərbaycan karbon
bazarı mexanizmi üzrə danışıqları uğurla yekunlaşdırıb və saziş
qəbul olunduqdan doqquz il sonra onun tətbiqini təmin edib. Eyni
zamanda, iqlim dəyişikliyindən zərər çəkən həssas icmaların
əhəmiyyətli dəstəklənməsi üçün zərər və itkilərin ödənilməsi
fondunun tam işə salınması barədə qərar qəbul olunub”, – deyə Əli
Əsədov qeyd edib.
O, həmçinin Xəzəryanı regionun üzləşdiyi ciddi ekoloji
çağırışlara, xüsusilə də Xəzər dənizinin səviyyəsinin davamlı
şəkildə aşağı düşməsi məsələsinə diqqət çəkib.
“Xəzəryanı dövlətlərin ümumi ekoloji problemlərin həlli üçün
birgə səylərinin vacibliyini vurğulamaq lazımdır. 2022-ci ildə
Aşqabadda keçirilmiş altıncı Xəzəryanı dövlətlər sammitində
Azərbaycan Prezidenti İlham Əliyev Xəzərin səviyyəsinin enməsi
problemini xüsusi olaraq önə çəkmişdi. Dövlət başçısının
təşəbbüsünə uyğun olaraq, bu prosesin səbəblərini öyrənmək və onun
təsirini yumşaltmaq üçün tədbirlər hazırlamaq məqsədilə ekspert
qruplarının yaradılması istiqamətində addımlar atılır”, – Baş nazir
vurğulayıb.