
Bakı.Trend:
Bu ilin birinci yarısında Azərbaycan ümumilikdə 602 min 255 ton
buğda idxal edib ki, bu da ölkənin ərzaq təhlükəsizliyi üçün mühüm
göstəricidir. Buğdanın idxal dəyəri isə 130 milyon 661 min ABŞ
dolları təşkil edib ki, bu da ölkənin bu sahəyə ciddi maliyyə
resursları ayırdığını göstərir. Eyni zamanda, Azərbaycanda buğda
idxalı 56% artıb. Həmçinin, hər il kənd təsərrüfatına yatırılan
investisiyalar artmasına baxmayaraq, xaricdən idxal edilən
məhsullar da artır. Belə böyük həcmdə idxal isə həm daxili bazarın
tələbatını ödəmək, həm də ərzaq təminatını stabilləşdirmək məqsədi
daşıyır.
Bəs, bu artımın əsas amilləri
hansılardır?
Mövzu ilə bağlı Trend-in sorğusuna cavab olaraq Kənd Təsərrüfatı
Nazirliyindən bildirilib ki, məhsuldarlığın artırılması üçün
keyfiyyətli toxumlardan istifadənin, düzgün aqrotexniki qulluğun
vacibliyi təbliğ və təşviq olunur.
Qeyd edək ki, mövcud göstəricilər ötən ilin eyni dövrü ilə
müqayisədə həcm baxımından 216 min 233 ton (56 %), dəyər baxımından
isə 45 milyon 482 min ABŞ dolları (53,4%) çoxdur.
Məlumat üçün bildirək ki, ötən il yanvar-iyun aylarında isə
Azərbaycana buğda idxalı 102 milyon 620 min ABŞ dolları dəyərində
460 min 645 ton olub.
Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev
Trend-ə
açıqlamasında qeyd edib ki, buğda idxalının artması müəyyən
səbəblərlə əlaqələndirilə bilər:
“Ölkədə təbii şəraitin əlverişli olmaması, istilərin
kəskinləşməsi və təbii fəlakətlər buğda istehsalının aşağı
olmasının əsas səbəblərindəndir. Bununla belə, Azərbaycanda daha
çox ərzaqlıq buğda xaricdən idxal edilir ki, bu da təbiidir, çünki
buğda rentabelli məhsul sayılmır. Ölkədə təxminən 1 milyon hektar
sahə dənli-paxlalı bitkilər üçün ayrılıb, lakin qeyd olunan
səbəblərdən buğdanın məhsuldarlığı yüksək deyil. Qarşıya qoyulan
əsas məqsəd sahələrin genişləndirilməsi deyil, məhsuldarlığın
artırılmasıdır”.
Komitə sədri qeyd edib ki, mütləq məhsuldarlıq
artırılmalıdır:
“Suvarma texnologiyasına ciddi əməl olunmalıdır. Çünki ölkəmizdə
buğda əsasən dəmyə sahələrdə yetişdirilir və bu sahələrdə
məhsuldarlıq yüksək ola bilməz. Bunun səbəbi isə həmin sahələrin
ancaq təbii imkanlar hesabına suvarılmasıdır. İri təsərrüfatlar və
şirkətlər yaradılmalıdır ki, bilavasitə buğda istehsalı ilə məşğul
olsun və məhsuldarlıq artırılsın. Əlbəttə, investisiyaların
artırılması müsbət haldır və bundan iri şirkətlər də faydalanırlar.
Digər tərəfdən, buğda istehsalında müəyyən qədər məhsuldarlığın
aşağı düşməsində kiçik təsərrüfatların rolu çox məhduddur. Çünki
pay sahibləri 2-3 hektar ərazidə taxıl əkirlər və bu, məhsuldarlıq
üçün o qədər də əlverişli deyil. Hesab edirəm ki, sahibkarlar öz
təsərrüfatlarını birləşdirməli, daha böyük sahələrdə buğda əkinini
həyata keçirməlidirlər. Bu, suvarmadan və texnikadan səmərəli
istifadə olunması, həmçinin yığımın sürətlənməsi baxımından
əlverişli ola bilər. Bu istiqamətdə işlər gedir və qarşıya qoyulan
məsələlər çox mühümdür. Ölkə öz ərzaq təminatını təmin etməlidir və
ərzaqlıq buğdaya olan tələbat bir neçə ildən sonra tam yerinə
yetiriləcək”.
Kənd təsərrüfatı üzrə ekspert Cəfər İbrahimli isə Trend-ə bildirib ki,
ölkədə ciddi problemlərdən biri ərzaq buğdası ilə bağlıdır:
“Ölkədə istehlak olunan ərzaqlıq buğdanın təxminən 40%-i yerli
istehsal, 60%-i isə idxal hesabına təmin olunur. Buğda əsasən
Rusiyadan, az bir hissəsi isə Qazaxıstandan idxal edilir”.
“Buğda idxalının artımını həmişə sentyabr-dekabr aylarında
görürdük. Çünki bu, Rusiyada yeni biçin mövsümünün başa çatmasından
sonrakı dövrə təsadüf edirdi. Lakin hiss olunur ki, bu ilin
əvvəlindən idxalın həcmi artıb. Bu il daxili istehsalın azalacağı
gözlənilmir, çünki hava şəraiti taxılçılıq üçün əlverişli olub.
Hətta rəsmi açıqlamalardan məhsuldarlığın yüksək olduğu görünür.
İnsanların qidalanma rasionundakı dəyişikliklər istehlakın ilbəil
azalacağını göstərir. Bu, cüzi olsa da mövcuddur. İldə təxminən 1
milyon – 1 milyon 100 min ton taxıl idxal edirik və yenə də təxmin
edirəm ki, həmin həcmdə idxal davam edəcək. Yəqin ki, ilin ikinci
yarısında idxal azalmağa başlayacaq. Yəni, ərzaq təhlükəsizliyi ilə
bağlı risk mövcud deyil”, – ekspert əlavə edib.