
Bakı. Trend:
Avropa ilə Asiya arasında yeni rəqəmsal dəhlizin yaradılmasını
nəzərdə tutan “Rəqəmsal İpək
Yolu” (Digital Silk Way) layihəsinin mühüm komponenti olan
Transxəzər Fiber-Optik Kabel Xəttinin tikintisi üzrə dəniz
marşrutunun tədqiqatına başlanılıb. Dəniz marşrutunun tədqiqatı
sahilyanı ərazilərin təhlili və dəniz dibinin detallı araşdırılması
mərhələlərini əhatə edəcək. Tədqiqat strateji əhəmiyyətə malik
layihənin inşası üçün ən qısa, təhlükəsiz və ekoloji cəhətdən
dayanıqlı marşrutun müəyyənləşdirilməsinə imkan verəcək. Azərbaycan
və Qazaxıstanda paralel olaraq başlayan tədqiqat işləri dörd
həftəyə qədər davam edəcək.
“AzerTelecom” şirkətinin Direktorlar şurasının sədri Emil
Məsimov və şirkətin rəhbər heyəti tədqiqat işlərini həyata
keçirəcək “Türkan” gəmisini ziyarət edərək, gəminin texniki
imkanları ilə tanışıb olub və müasir avadanlıqlara baxış
keçiriblər.
Emil Məsimov gəmi heyəti və mühəndislərlə görüş zamanı layihənin
strateji əhəmiyyətini vurğulayıb: “Transxəzər Fiber-Optik Kabel
layihəsi çərçivəsində işlər sürətlə aparılır və dəniz marşrutu
tədqiqatını həyata keçirməklə biz layihənin tikintisi üzrə əsas
mərhələnin icrasına başlayırıq. Regional rəqəmsal bağlantını
gücləndirəcək və Xəzər dənizini qlobal rəqəmsal infrastrukturun
vacib hissəsinə çevirəcək layihənin bu mərhələsinin həyata
keçirilməsi üçün ən qabaqcıl texnologiyalar və peşəkar
mütəxəssislər cəlb olunub. Əminəm ki, həm Azərbaycan, həm də
Qazaxıstan tərəfində işlər planlaşdırılan qrafika uyğun olaraq
uğurla yekunlaşdırılacaq”.
Transxəzər Fiber-Optik Kabel Xətti layihəsi çərçivəsində
Sumqayıt (Azərbaycan) və Aktau (Qazaxıstan) arasında Xəzər
dənizinin dibi ilə 380 km uzunluğunda fiber-optik kabel xətti
çəkiləcək. Planlaşdırılan 400 Tbit/s ötürmə qabiliyyəti ilə bu
sualtı rabitə xətti böyük həcmdə məlumat ötürülməsini təmin edəcək.
Tikinti işlərinin 2026-cı ilin sonunadək tamamlanması
planlaşdırılır. Layihənin icraçıları Azərbaycanın “AzerTelecom” və
Qazaxıstanın “Kazakhtelecom” şirkətləridir. Texniki nəzarət və
məsləhət dəstəyi ABŞ-nin “Pioneer Consulting” şirkəti tərəfindən
təmin edilir.
Transxəzər Fiber-Optik Kabel Xətti müxtəlif ölkələr, o
cümlədən Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan və Türkmənistan
ərazilərindən keçəcək rəqəmsal telekommunikasiya dəhlizi olan
“Rəqəmsal İpək Yolu” layihəsinin önəmli hissəsidir. Bu rəqəmsal
infrastruktur məlumatların ötürülməsində yüksək zolaq genişliyi və
minimal gecikməni təmin edən ən optimal və qısa marşrut olmaqla
ölkələr arasında regional əməkdaşlığa və dayanıqlı inkişafa təkan
verəcək.
“AzerTelecom” haqqında
“AzerTelecom”
Azərbaycanın aparıcı telekommunikasiya şirkəti olmaqla topdansatış
operatoru səviyyəsində rabitə xidmətləri, eləcə də rəqəmsal və
digər xidmətlər təqdim edir. “AzerTelecom” müxtəlif sahələrdə və
ölkələrdə fəaliyyət göstərən “NEQSOL Holding”in tərkibində
olan “Azerconnect Group”a
daxildir. Şirkət yerli, regional və beynəlxalq istiqamətlərdə
sürətlə inkişaf edir, həmçinin cəmiyyətin və İKT sektorunun
dayanıqlı inkişafını təmin etmək üçün daim qabaqcıl texnologiyaları
və innovasiyaları tətbiq edir.
“Kazakhtelecom” haqqında
“Kazakhtelecom” Qazaxıstanın
ən böyük telekommunikasiya şirkətidir və milli telekommunikasiya
operatoru statusuna malikdir. Şirkət sabit telefon, genişzolaqlı
internet, rəqəmsal televiziya, mobil rabitə və digər
telekommunikasiya xidmətləri təqdim edir.