
Bakı. Trend:
Orta Dəhlizdən sürətli və təhlükəsiz marşrut kimi aktiv istifadə
dənizə çıxışı olmayan ölkələrin dayanıqlı inkişafına əhəmiyyətli
töhfə verir.
Trend xəbər verir
ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqadir
Uraloğlu BMT-nin dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr
üzrə üçüncü konfransı çərçivəsində Avazada (Türkmənistan) keçirilən
plenar iclasda deyib.
O qeyd edib ki, dənizə çıxışın olmaması ticarət üçün əlavə
xərclər yaradır, ixracatçıların mənfəətliliyini azaldır və dənizə
çıxışı olmayan ölkələrin beynəlxalq bazarlara çıxışını
çətinləşdirir.
“Bu kontekstdə Asiya, Avropa və Afrikanın kəsişməsində yerləşən
Türkiyə multimodal nəqliyyat dəhlizlərini inkişaf etdirərək, qlobal
logistika əlaqələrinin strateji mərkəzinə çevrilir və əsas rol
oynayır. Xəzər dənizi üzərindən keçən Şərq-Qərb Orta Dəhlizi
beynəlxalq ticarətdə səmərəli və məhsuldar alternativ kimi nəzərdən
keçirilir.
Orta Dəhliz sürətli və təhlükəsiz nəqliyyat həlli təklif edir
ki, bu da dənizə çıxışı olmayan ölkələrin dayanıqlı inkişafına
əhəmiyyətli dərəcədə töhfə verir. Bundan əlavə, gömrük xidmətləri
arasında əməkdaşlığın genişləndirilməsi və gömrük prosedurlarının
sadələşdirilməsi ticarət axınlarının həcmini xeyli artırmağa imkan
verə bilər”, – deyə nazir bildirib.
Onun sözlərinə görə, Orta Dəhlizin fəal istifadəsi və beynəlxalq
əməkdaşlığın gücləndirilməsi qlobal ticarətin səmərəliliyinin
artırılması və həssas regionlarda iqtisadi inkişafın dəstəklənməsi
istiqamətində mühüm addım olacaq.
Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən,
Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur.
Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.
Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və
Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi,
Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta
Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa ilə
birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu
təklif edir.