
Bakı. Trend:
Bu ilin yanvar-iyun aylarında Aqrar Sığorta Fondu tərəfindən 13
milyon 115 min manat, yəni ötən ilin eyni dövrünə nisbətdə 18%
artıq sığorta haqqı toplanılıb. Bitkiçilik uzrə sığorta haqqı 13%,
heyvandarlıq üzrə sığorta haqqı isə 65% artıb.
Bu barədə Trend Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər
verir.
Məlumata görə, 2025-ci ilin yanvar-iyun aylarında Aqrar Sığorta
Fondu təsərrüfatlara dəymiş zərərə görə ümumilikdə 4 milyon 435 min
manat sığorta ödənişi edib. İlk yarımillikdə fermerlərə əkin
sahələri üzrə 4 milyon 245 min manat, heyvandarlıq üzrə isə 190 min
manat sığorta ödənişi verilib. Zərər ödənişinin həcmi ötən ilin
müvafiq dövrü ilə müqayisədə 55% artıq olub.
2025-ci ilin yanvar-iyun aylarında Aqrar Sığorta Fondu
tərəfindən 342,6 min hektar əkin sahəsi sığorta edilib. Bu sahələr
üzrə ödənilən sığorta haqqı 11 milyon 475 min manat, təminat
verilmiş sığorta məbləği isə 497 milyon manat təşkil edib. Bu il,
eyni zamanda, ölkəmizdə ilk dəfə olaraq çiyələk sahələrinin
sığortası həyata keçirilib.
Hesabat dövründə Aqrar Sığorta Fondu tərəfindən ölkənin müxtəlif
ərazilərindəki təsərrüfatlarda 3 231 baş heyvan sığortalanıb, ötən
ilin eyni dövrünə nisbətən sığortalanan heyvanların sayı 84%
artıb.
Heyvandarlıq sığortası üzrə toplanan sığorta haqqı 1 milyon 640
min manat təşkil edib ki, bu da ötən illə müqayisədə 65% çoxdur.
Heyvandarlıq sığortası üzrə sığorta təminatı məbləği 19 milyon 747
min manata çatıb.
2025-ci ilin ilk 6 ayında əkin sahələrinə ən çox zərər vuran
hadisələr – dolu (əkin sahələrinin 65%-i), sel-subasma (15%),
fırtına (17%) və leysan (2%) halları olub.
Hesabat dövründə taxıl, qarğıdalı və pambıq sahələrindən sonra
ən çox sığorta ödənişi edilən bitkilər günəbaxan, tütün, armud,
şaftalı, şəkər çuğunduru, fındıq, badam və qarpız olub. Bu ilin ilk
6 ayı ərzində ən çox zərər ödənişi həyata keçirilən rayonlar isə
Füzuli, Ağcabədi, Tovuz, Tərtər, Ağsu, Hacıqabul, Beyləqan və
Şəkidir.
Aqrar sığortanın əhatə etdiyi məhsullarının sığorta şərtləri və
tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində
ətraflı tanış olmaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial
şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə
saxlamaqla əldə etmək olar.

