
Bakı. Trend:
Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tətbiq edilən
xüsusi tənzimləmə rejiminin ilk mərhələsi üzrə seçilən innovativ
məhsulların sınaq dövrü tamamlanıb.
Bu barədə Trend tənzimləyici quruma istinadən xəbər verir.
İlk mərhələdə sınağa qəbul olunan dörd məhsulun qiymətləndirməsi
nəticəsində aşağıdakı qərarlar qəbul olunub:
“Pasha Pay” MMC – “m10” tətbiqinin “Binance” platforması
ilə inteqrasiyası
Layihə kriptovalyuta əməliyyatlarını daha təhlükəsiz və şəffaf
şəkildə icra etmək üçüb “m10” tətbiqinin “Binance” platformasına
inteqrasiyasını nəzərdə tutur. İstifadəçilər bu inteqrasiya
vasitəsilə “Binance” cüzdanlarına mədaxil və cüzdanlardan məxaric
edə bilərlər. Məhsulun sınaq nəticələri uğurlu hesab edilib və
əlavə 6 ay müddətinə uzadılıb.
“Unicapital İnvestisiya Şirkəti” ASC – “Kriptobroker”
platforması
“Kriptobroker platforması” virtual aktivlərin asan və təhlükəsiz
şəkildə alışı, satışı və saxlanılması imkanlarını yaradır. Məhsulun
sınaq nəticələri uğurlu hesab edilib və əlavə 6 ay müddətinə
uzadılıb.
“Mobile Payment Solutions” MMC – “PortCoin” kripto
valyutası
Layihə çərçivəsində PortCoin kriptovalyutası emissiya edilib və
Portmanat istifadəçilərinə investisiya məqsədilə təqdim edilib.
Sınaq müddətində gözlənilən sınaq nəticələrinin əldə olunmaması
səbəbindən layihənin icrası dayandırılıb.
“Svort” MMC – Kripto ticarət platforması
“Svort” MMC tərəfindən təqdim edilən layihə virtual aktivlərin
(tokenlərin) fiat vəsaitlə alqı-satqısını, müxtəlif tokenlərin
bir-biri ilə dəyişdirilməsini, kriptovalyuta cüzdanlarının açılması
və müştərilərin virtual aktivlərinin təhlükəsiz saxlanılmasını
təmin edirdi. Sınaq müddətində gözlənilən sınaq nəticələrin əldə
olunmaması səbəbindən layihənin icrası dayandırılıb.
Xatırladaq ki, xüsusi tənzimləmə rejiminin məqsədi maliyyə
bazarlarında innovativ maliyyə məhsullarının məhdud çərçivədə və
Mərkəzi Bankın nəzarəti altında sınaqdan keçirilməsi və uğurlu
nəticə göstərən məhsulların geniş miqyasda tətbiqi üçün
normativ-hüquqi əsasların formalaşdırılmasıdır.