
Bakı. Trend:
Bu ilin ilk 7 ayında dövlət büdcəsinin icrasında müsbət dinamika
müşahidə olunub. Bu dövrdə xəzinədarlıq orqanları tərəfindən 846
mindən çox ödəniş tapşırığı icra edilib və dövlət büdcəsinin
gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb.
Bu barədə Trend Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Belə ki, cari ilin yanvar-iyul ayları ərzində dövlət büdcəsinin
gəlirləri 23 480,9 milyon manat təşkil edib ki, bu da yeddi aylıq
proqnozu 707,9 milyon manat və ya 3,1 faiz üstələyib.
Gəlirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi
Xidmətinin xətti ilə daxilolmalar 10 560,8 milyon manat təşkil
edərək proqnozdan 598,0 milyon manat və ya 6,0 faiz, İqtisadiyyat
Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar
26,9 milyon manat təşkil edərək proqnozdan 6,9 milyon manat və ya
34,4 faiz, sair daxilolmalar 488,0 milyon manat təşkil edərək
proqnozdan 323,3 milyon manat və ya 2,96 dəfə çox və Dövlət Neft
Fondundan transfert isə 8 447,3 milyon manat təşkil edərək proqnoza
qarşı 100,0 faiz icra edilib.
Eyni zamanda, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 3 589,2
milyon manat təşkil edərək proqnozdan 102,8 milyon manat və ya 2,8
faiz az, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli
xidmətlərindən daxilolmalar 368,7 milyon manat təşkil edərək
proqnoza qarşı 117,5 milyon manat və ya 24,2 faiz az icra
olunub.
Dövlət büdcəsinin xərcləri isə 2025-ci ilin 7 ayı ərzində 20
586,9 milyon manat proqnoza qarşı 19 944,6 milyon manat məbləğində
icra edilib ki, bu da 96,9 faiz təşkil edir.

