Əcnəbilər ən çox bu rayonlarımızda olublar – Hansı ölkələrdən gəliblər?

İqtisadiyyat

2025-ci ilin ilk yarısında Azərbaycanda fəaliyyət göstərən mehmanxanalarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən keçirilmiş gecələmələrin sayı 10,3% artaraq 1 milyon 192,6 minə çatıb. Bu, ümumi gecələmələrin 60,5%-ni təşkil edir.

Ölkə.Az rəsmi rəqəmlərə əsasən xəbər verir ki, ən çox gecələmə Hindistandan gələn qonaqların payına düşüb – 19,3%.

Əcnəbilər ən çox hansı ölkələrdən gəlib?

Hindistandan sonra sıralama belədir:

  • Rusiya (12,8%)

  • Türkiyə (9,1%)

  • Səudiyyə Ərəbistanı (6,7%)

  • BƏƏ (5,3%)

  • İsrail (4,1%)

  • ABŞ (3,3%)

  • Çin və Pakistan (hər biri 2,8%)

  • Qazaxıstan (2,7%)

  • Özbəkistan (2,5%)

  • Küveyt (2,4%)

  • Böyük Britaniya (2,0%)

  • Almaniya (1,1%)

  • İtaliya (0,9%)

  • Gürcüstan (0,7%)

  • Bəhreyn və İran (hər biri 0,6%)

  • Digər ölkələrdən gələnlər – 20,3%

Əcnəbilər ən çox harada qalıblar?

Əcnəbilərin keçirdiyi gecələmələrin:

  • 80,8%-i Bakıda,

  • 7,2%-i Qusarda,

  • 4,1%-i Naftalanda,

  • 3,2%-i Qəbələdə,

  • 2,1%-i Qubada,

  • 0,5%-i Şamaxıda,

  • 2,1%-i isə digər şəhər və rayonlarda qeydə alınıb.

Yerli əhali də çox səyahət edib

Azərbaycan vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı da artıb – 0,9% artaraq 778,1 min olub. Bu isə ümumi gecələmələrin 39,5%-ni təşkil edir.

Mehmanxanaların gəlirləri və doluluq səviyyəsi də artıb

2025-ci ilin yanvar-iyun aylarında mehmanxanaların gəliri 9,2% artaraq 290 milyon manata çatıb. Gəlirin:

  • 60,4%-i nömrələrin (otaqların) təqdim olunmasından,

  • 27,5%-i ictimai iaşə,

  • 3,2%-i müalicə və sağlamlıq,

  • 8,9%-i isə digər xidmətlərdən əldə olunub.

Ən dolu hotellər haradadır?

Ölkə üzrə mehmanxana tutumundan istifadə səviyyəsi 21,4% olub. Ən yüksək göstərici Şabranda (51,5%) qeydə alınıb. Ardınca Naftalan (40,2%), Bakı (34,1%) və Qusar (31,6%) gəlir. Digər rayonlarda bu göstərici 15,8%-dən aşağı olub.