
Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) istehlak kredit kartları üzrə
borclanma ilə bağlı tənzimləyici çərçivəni dəyişib. Baş bankın
yaydığı açıqlamada bunun borclanmanın daha məsuliyyətli və sağlam
aparılması və eləcə də, əhalinin izafi borclanmasının qarşısının
alınması və bank sisteminin kapital dayanıqlılığının təmin edilməsi
məqsədilə aparıldığı bildirilib.
Niyə bu qaydalara ehtiyac var idi? Ən əsası, yeni qaydalar
əhalinin izafi və bir sıra hallarda süni borclanmasının qarşısını
alacaqmı?
Trend xəbər
verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov “Facebook” hesabında paylaşım edib.
O bildirib ki, müşahidələrə əsasən, son dövrlər istehlak
kreditləri üzrə yubanmaların səbəblərindən biri də kartlarda
müştərinin ödəmə qabiliyyətinə uyğun olmayan kredit xəttlərinin
açılması və eləcə də yubanmalar üçün izah edilə bilməyən yüksək
cərimə faizlərinin hesablanması ilə bağlıdır:
“Ölkədə vaxtı keçmiş kreditlərin məbləği ilin əvvəlinə 475
milyon manat idisə, bu göstərici ilin yarısında 527 milyon
manatadək yüksəlib. Yəni bu ilin ilk yarısında problemli
kreditlərin həcmi 10 faizdən çox artıb. Həmin dövrdə ümumi kredit
portfeli 24 milyard 890 milyon manatdan 25 milyard 991 milyon
manatadək yüksəlib.
Bu, o deməkdir ki, həmin müddətdə kredit portfeli cəmi 4.4 faiz
artıb. Bu, həm də o deməkdir ki, problemli kreditlərin həcmi ümumi
kredit portfeli ilə müqayisədə 2 dəfə bənd daha çox artıb. Bu isə,
bank sektoru üçün heç də yaxşı dinamika hesab oluna bilməz.
Bir tərəfdən də, əhalinin borc yükünün sərəncamda qalan gəlirdə
payının artıması müşahidə olunurdu. Təbii ki, bütün bunlar fonunda
kredit xətlərinin açılması üçün yeni meyarların
müəyyənləşdirilməsinə ehtiyac var idi”.
Deputatın sözlərinə görə, dəyişikliklərə əsasən, borcalanın
kredit kartı onun xalis vergidən sonrakı gəlirinin maksimum 5 misli
ilə məhdudlaşdırılır:
“Mərkəzi Bank hesab edir ki, bununla banklar preventiv olaraq
risklərin qarşısını ala bilərlər. Bununla yanaşı, dəyişiklərə
əsasən nağd vəsaitlərlə, habelə bank və qiymətli metallarla təmin
edilmiş kredit xətləri borcalanın xalis vergidən sonrakı gəlirinin
5 misli normativinin hesablanmasından istisna edilir.
Yeni tələbə əsasən bu limitdən artıq olan istehlak kredit
xətlərinin məcmu miqdarı bankın tutulmalardan sonra I dərəcəli
kapitalının 1%-dən artıq olmamalıdır. Yəni, əgər vətəndaşın xalis
gəliri min manatdırsa onun kredit xətti, yəni kart vasitəsi ilə
borclanması 5 min manatdan çox ola bilməz. Təbii ki, vətəndaşın
digər borc öhdəlikləri varsa o da nəzərə alınacaq. Amma əgər
borclanma nağddırsa və təmin olunubsa, o zaman bu qaydalar istisna
edilir”.
“Digər qayda, overdraft limitləri kredit xətləri anlayışına
daxil edilərək istehlak kredit kartları üzrə kreditə konvertasiya
əmsalının 40% müəyyən edilməsidir. İstehlak kredit xətlərinin
balansdankənar hesablarda olduğu müddətdə həmin xətlər üzrə 100%
risk dərəcəsi tətbiq ediləcəkdir.
Aydınlıq üçün qeyd edək ki, overdraft xidməti ilə kart sahibi
hesabında olan puldan daha çox pul xərcləyə bilər. Bütövlükdə,
vəsaitə ehtiyacı olan borcalan tərəfindən istifadə edilə bilən
kreditdir. Nəzərə almaq lazımdır ki, bir sıra banklar overdraft
xidmətindən istifadə edərək yüksək faizlər ilə bəzi kart sahibləri
üçün izafi maliyyə yükü yaradırlar. Bu baxımdan, bu istiqamətdə
təkmilləşdirmələrin davam etməsinə ehtiyac var”, – V.Bayramov
bildirib.
“Bütövlükdə, Mərkəzi Bankın yeni qaydaları təqdirəlayiqdir və
vətəndaşların izafi borclanmasını azalda bilər, amma təbii ki, bu
istiqamətdə tənizmləmələrin daha da dərinləşdirilməsi prioritet
olaraq qalmaqdadır”, – deyə deputat əlavə edib.