bp Cənubi Qafqaz Boru Kəməri üzrə əsaslı xərclərini 4 milyon dollar artırıb

İqtisadiyyat

Bakı. Trend:

Bu ilin birinci yarısında bp və onun tərəfdaşları Cənubi Qafqaz
Boru Kəməri (CQBK) əməliyyat xərcləri təqribən 36 milyon dollar,
əsaslı xərclər isə təxminən 12 milyon dollar olub.

Bu barədə Trend bp-yə istinadən xəbər verir.

Məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə
müqayisədə müvafiq olaraq 1,3 milyon dollar (3,5%) az, 4 milyon
dollar (50%) çoxdur.




CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və
Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, Cənubi
Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi isə
kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin
iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.

Cari ilin ilk altı ayı ərzində CQBK-nin ixrac üçün gündəlik orta
ötürücülük gücü 62,4 milyon kubmetr olub.

Cənubi Qafqaz Boru Kəməri şirkətinin (CQBKş) sərmayədarları
bunlardır: bp (29,99%), Cənub Qaz Dəhlizi (21,02%), LUKOYL
(19,99%), TPAO (19,00%), NİKO (10,00%).