Hacıqabul Sənaye Parkında məhsul istehsalı 55%-dən çox artıb

İqtisadiyyat

Bakı. Trend:

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində
olan Hacıqabul Sənaye Parkında investisiya həcmi 186 milyon
manatdan çox olan 13 sahibkarlıq subyektinə rezidentlik, 5
sahibkara isə qeyri-rezidentlik statusu verilib.

Bu barədə Trend İZİA-ya istinadən xəbər verir.

Məlumata görə, sahibkarlar tərəfindən Sənaye Parkına 64 milyon
manat investisiya yatırılıb, 576 nəfərlik daimi iş yeri
yaradılıb.




“Hacıqabul Sənaye Parkı ölkəmizdə investisiya mühitinin
yaxşılaşdırılması ilə yanaşı, qeyri-neft sənayesi məhsullarının
istehsalında və ixracında əhəmiyyətli rol oynayır. Belə ki, Sənaye
Parkında indiyədək sahibkarlar tərəfindən 345,6 milyon manatlıq
məhsul istehsal edilib ki, bunun da 5,4 milyon manatlıq hissəsi
ixracın payına düşür.

Həmçinin cari ilin I yarısında Sənaye Parkında 65,6 milyon
manatlıq məhsul istehsal olunub ki, bu da ötən ilin analoji dövrü
ilə müqayisədə təqribən 55 faiz çoxdur”, – deyə məlumatda qeyd
edilib.