
Bakı.Trend:
AZCON Holding şirkətlərindən olan ASCO-nun “Akademik Tofiq
İsmayılov” dalğıc gəmisi əsaslı təmir edilib. Təmir işləri
“Bibiheybət” Gəmi Təmiri Zavodunda yerinə yetirilib.
Trend xəbər verir ki, bu barədə ASCO məlumat yayıb
Bildirilib ki, proses zamanı baş mühərriklər, braşpil,
şpil qurğuları, nasoslar, boru sistemləri, elektrik avadanlıqları,
heyətin yaşayış yerləri, sanitar qovşaqlar və yeməkxana təmir
olunub.
“Həmçinin gəminin sualtı və suüstü hissələri
təmizlənərək rənglənib. Gövdənin sualtı və suüstü sahələrində
zədələnmiş sahələr və protektorlar dəyişdirilib.
Bundan başqa, gəminin hərəkət-sükan kompleksi, dib-yan
armaturları, lövbər qurğuları və zəncirləri sazlanıb, gəminin
helikopter meydançasının leyer çəpəri və drenaj (şpiqat) sistemi
əsaslı təmir olunub.
Rabitə və elektroradionaviqasiya sahəsinə aid müasir,
yeni 3 dəst stasionar radiostansiyalar, 1 dəst girokompas və 1 ədəd
yeni qəza radiomayakı (EPIRB) quraşdırılıb. Həmçinin gəmi yeni
“İnmarsat-C” avadanlığı ilə təchiz olunub.
Təmirdən sonra dalğıc gəmisi dəniz sınağına çıxarılıb.
Sınaq işləri uğurla başa çatıb və gəmi istismara qaytarılıb.
“Akademik Tofiq İsmayılov” gəmisinin uzunluğu 91,8,
eni 17 metrdir. DP sistemi ilə təchiz olunmuş bu gəmi 300 metrə
qədər dərinlikdə dalğıc, 1000 metrə qədər dərin sahələrdə isə digər
sualtı işlərin həyata keçirilməsi üçün nəzərdə tutulub”, –
məlumatda deyilir.