Azərbaycanda 7 ayda 36,6 milyard manatlıq sənaye məhsulu istehsal edilib

İqtisadiyyat

Bakı. Trend:

Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən
fərdi sahibkarlar tərəfindən 2025-ci ilin yanvar-iyul aylarında
36,6 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə
müqayisədə 2,3 faiz az sənaye məhsulu istehsal edilib.Neft-qaz
sektorunda məhsul istehsalı 3,5 faiz azalıb, qeyri neft-qaz
sektorunda isə 5,5 faiz artıb.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər
verir.

Sənaye məhsulunun 61,5 faizi mədənçıxarma sektorunda, 32,0 faizi
emal sektorunda, 5,5 faizi elektrik enerjisi, qaz və buxar
istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1,0 faizi isə su
təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal
olunub.




Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,4 faiz azalıb,
əmtəəlik qaz hasilatı isə 0,2 faiz artıb.

Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı
88,2 faiz, əczaçılıq məhsullarının istehsalı 81,3 faiz, toxuculuq
sənayesi məhsullarının istehsalı 27,5 faiz, kimya sənayesi
məhsullarının istehsalı 10,7 faiz, qida məhsullarının istehsalı
10,6 faiz, maşın və avadanlıqların istehsalı 10,6 faiz, tütün
məmulatlarının istehsalı 8,1 faiz, rezin və plastik kütlə
məmulatlarının istehsalı 5,3 faiz, neft məhsullarının istehsalı 1,4
faiz artıb, içkilərin istehsalı 1,2 faiz, mebel istehsalı 5,2 faiz,
tikinti materiallarının istehsalı 5,8 faiz, hazır metal
məmulatlarının istehsalı 10,4 faiz, metallurgiya sənayesi
məhsullarının istehsalı 12,0 faiz, elektrik avadanlıqlarının
istehsalı 12,2 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı
12,7 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri
16,8 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 20,0
faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 20,3
faiz, kağız və karton istehsalı 24,6 faiz, poliqrafiya
məhsullarının istehsalı 28,1 faiz, geyim istehsalı isə 38,3 faiz
azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və
təchizatı sektorunda istehsalın həcmi 2,5 faiz, su təchizatı,
tullantıların təmizlənməsi və emalı sektorunda isə 4,7 faiz
artıb.