Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar – SİYAHI

İqtisadiyyat

Bakı. Trend:

Bu ilin iyul ayında istehlak qiymətləri indeksi 2024-cü ilin
iyul ayına nisbətən 105,0 faiz, o cümlədən qida məhsulları,
alkoqollu içkilər və tütün məmulatları üzrə 106,2 faiz, qeyri-qida
məhsulları üzrə 102,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər
üzrə 105,6 faiz təşkil edib.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər
verir.

2025-ci ilin iyul ayında istehlak qiymətləri indeksi əvvəlki aya
nisbətən 99,9 faiz, yanvar-iyul aylarında isə əvvəlki ilin müvafiq
dövrünə nisbətən 105,8 faiz təşkil edib.

2025-ci ilin iyul ayında qida məhsulları, alkoqollu içkilər və
tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya
nisbətən 99,5 faiz, yanvar-iyul aylarında isə əvvəlki ilin müvafiq
dövrünə nisbətən 106,6 faiz təşkil edib.




Cari ilin iyul ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida
məhsullarından daha çox bahalaşma uzun düyünün, mal və qoyun
ətinin, kolbasa məmulatlarının, günəbaxan və qarğıdalı yağlarının,
limonun, albalının, gilasın, əriyin, göyərtinin, şokolad
məmulatlarının, ucuzlaşma isə yumurtanın, bananın, almanın,
armudun, gavalının, şaftalının, qarpızın, yemişin, üzümün, ağ
kələmin, xiyarın, pomidorun, şirin bibərin, badımcanın, lobyanın,
süfrə çuğundurunun, yerkökünün, soğanın, kartofun qiymətlərində
müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi
dəyişikliklər baş verməyib.

2025-ci ilin iyul ayında qeyri-qida məhsulları üzrə istehlak
qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, yanvar-iyul
aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 102,6 faiz
təşkil edib. İyul ayında əvvəlki ayla müqayisədə qeyri-qida
məhsullarından bahalaşma yuyucu və təmizləyici vasitələrin, şəxsi
gigiyena məmulatlarının, ucuzlaşma isə parketin, ortopedik
döşəklərin və yazı kağızlarının qiymətlərində müşahidə olunub.
Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər
baş verməyib.

2025-ci ilin iyul ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər
üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,4 faiz,
yanvar-iyul aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən
107,3 faiz təşkil edib. İyul ayında əvvəlki ayla müqayisədə əhaliyə
göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən stomatoloji
xidmətlərin, hava nəqliyyatı ilə MDB ölkələri istisna olmaqla digər
ölkələrə sərnişindaşıma xidmətlərinin, istirahət turlarının,
mehmanxanalar tərəfindən göstərilən gecələmə xidmətlərinin,
ucuzlaşma isə hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma
xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli
xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.