Mərkəzləşdirilmiş Kredit Reyestrindəki məlumatlar bir günə yenilənəcək – QƏRAR

İqtisadiyyat

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti tərəfindən 12
noyabr 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Kredit
təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş
Kredit Reyestrinə verilməsi Qaydası”nda dəyişiklik edilib.

Trend xəbər
verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar
imzalayıb.

Qərara əsasən, yeni kreditlər, eləcə də kredit ödənişləri barədə
məlumatlar növbəti 1 iş günü ərzində, borcalanın maliyyə
vəziyyətini əks etdirən hesabatlarla bağlı məlumatlar istisna
olmaqla digər məlumatlar hər təqvim ayının sonuncu gününə olan
vəziyyətə növbəti ayın ilk 4 iş günü ərzində, borcalanın maliyyə
vəziyyətini əks etdirən hesabatlarla bağlı məlumatlar isə təqvim
ili ərzində azı 1 dəfə Mərkəzləşdirilmiş Kredit Reyestrinə (MKR)
təqdim ediləcək.

Həmçinin MKR-də olan məlumatlara hər hansı düzəliş məlumat
təchizatçılarının özləri tərəfindən, habelə məlumat təchizatçısının
yazılı, o cümlədən MKR vasitəsilə elektron formada müraciəti və ya
məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasında aparılacaq.




Eyni zamanda bir kredit üzrə bir neçə şəxs birgə borclu qismində
çıxış etdikdə həmin şəxslərin kredit üzrə birgə borclu olduğu qeyd
edilməklə həmin kredit məbləği hər borclu üzrə tam həcmdə qeyd
olunacaq.

Dəyişikliklər dərc edildiyi gündən banklara münasibətdə 6 ay
sonra, bank olmayan kredit təşkilatlarına və kredit ittifaqlarına
münasibətdə 9 ay sonra qüvvəyə minəcək. Təsdiq edilmiş
dəyişikliklər Bu Qərar qüvvəyə minənədək ödənilməmiş bütün
kreditlərə şamil ediləcək.

AMB-nin Maliyyə bazarlarının hüquqi təminatı departamentinə
tapşırılıb ki, bu Qərarın 3 gün müddətində Azərbaycan
Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi
üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim
edilməsini təmin etsin.